Azərbaycana valyuta axını gözlənilir

28 Fevral 2015 10:00 (UTC+04:00)

Dollar və avronun məzənnəsinin manata nisbətən qalxmasından sonra belə fikirlər səslənir ki, Azərbaycana xaricdən bu valyutların axını çoxalacaq. Xüsusən də xaricdə çalışan soydaşlarımız tərəfindən ailələrinə bu valyutaları göndərməsi artıq kifayət qədər mənfəətlidir.

İqtisadçı-ekspert Rəşad Həsənov məsələ ilə bağlı bildirdi: "Bildiyiniz kimi, Azərbaycana valyuta daha çox Rusiyadan gəlir. Rusiyada baş verənlər fonunda isə burada yaşayan soydaşlarımızın gəlir və yığımlarında ciddi şəkildə azalmalar baş verib. Məhz bu prizmadan yanaşdıqda Azərbaycana göndərilən vəsaitlərin artımında hansısa tendensiyanın müşahidə edilməsi mübahisə doğura bilər. Düzdür, Rusiyada rublun dəyərdən düşməsilə Azərbaycana müəyyən dərəcədə valyuta axını oldu. Amma bu proses də qısa müddətli dövr ərzində baş verdi. Burada məqsəd daha aşağı qiymətlərlə dollar alıb Rusiya bazarına aparıb, orada rahatca rubla çevirməkdən ibarət idi. Bu isə ölkə bazarlarından valyutanın çıxarılması prosesi idi. İndiki halda bu tendensiya da müşahidə olunmayacaq".

Digər iqtisadçı ekspert Natiq Cəfərli ölkəmizə valyuta axını il əbağlı bildirir: "Azərbaycana Rusiyadan, bəzi MDB ölkələrindən, az da olsa Türkiyədən valyuta daxil olur. Soydaşlarımızın xaricdə çalışdığı ölkələr əsasən sadaladığım dövlətlərdir. Həmin ölkələrdən Azərbaycanda yaşayan ailələrinə əsasən dollar, cüzi olaraq da avro ilə valyuta daxil olurdu. İndi isə həmin ölkələrin özündə də ciddi problemlər yaşanır. Rusiyada rublun dəyərdən düşməsi, iqtisadi aktivliyin azalması, ümumdaxili məhsulun azı 6-7 faiz düşməsi gözlənilir. Yəni, iqtisadi aktivlik xeyli dərəcədə azalıb, belədə qazanclar da xeyli aşağı düşüb. Rublun da dəyərdən düşməsi ilə onun qazanılan vəsaitin daha az miqdar dollara çevrilməsinə gətirib çıxarır. Bu səbəbdən Azərbaycanda kursun yuxarı olması təbii ki, insanların ailələrinə göndərdiyi vəsaitlərin daha çox miqdarda manata çevrilməsinə gətirəcək və bu, həmin ailələr üçün daha çox pozitiv olacaq. Amma keçmiş illərə nisbətən göndərilən vəsaitin həcmi azalacaq. Hətta Rusiya Mərkəzi Bankı belə bir məlumat yayıb ki, son 6 ayda MDB ölkələrinə Rusiyadan göndərilən vəsaitin həcmi 3 dəfədən çox azalıb. Bu rəqəmin özü onu göstərir ki, belədə Azərbaycana da göndərilən vəsaitin həcmində azalmalar müşahidə olunur. Əsas problem budur. Ona görə yaxın gələcəkdə Azərbaycana bu ölkələrdən valyuta daxil olmalarının kəskin artacağını demək mümkün deyil".