Leyla Əliyeva Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Moskva şəhərində keçirilən tədbirdə iştirak edib
28 Fevral 2015 11:13 (UTC+04:00)
Movqe.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun
vitse-prezidentiLeyla Əliyevanın iştirakı ilə
Rusiya Federasiyasının Moskva şəhərində Xocalı soyqırımının 23-cü
ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir "Xocalıya
ədalət" beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu,
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi,
Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan
Konqresi tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı
hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları,
baş verdiyi şərait və fəsadları barədə iştirakçıları
məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə
qurbanlarının xatirəsini bir daha yad edərək bu hadisələrdən 23 il
keçməsinə baxmayaraq onun yaddaşlarda daha da möhkəmləndiyini
bildirib. Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti
tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini
vurğulayaraq son illər bu hadisələrin qlobal səviyyədə tanınması
istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin
qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin
qəbul olunmasını təqdir etmişdir. Leyla Əliyeva, həmçinin
iştirakçılara "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata
keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı
səfiriPolad BülbüloğluXocalı soyqırımının
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi
səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını
bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin
nəticələrinə, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə,
eləcə də inkişafa mənfi təsirlərinə yönəldib.
Tədbir zamanı Azərbaycan və Rusiyanın tanınmış musiqiçilərinin
-Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti
YablonskivəRain Sultanovun ifasında
Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları
səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid
videomateriallar təqdim edilib.
Tədbirdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində nəşr
olunan yeni toplunun rus dilində buraxılışının təqdimatı da
keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı
soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 ədəd DVD, kitab,
buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, "Xocalıya ədalət"
kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart
daxildir. Topluda eyni zamanda Xocalı soyqırımı ilə bağlı tərtib
edilmiş elektron təqdimat (prezentasiya) da var. Bu təqdimatdan
müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici
auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş
gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və
kədərləri ilə bölüşüb. Daha sonra Azərbaycan və Rusiyalı uşaqların
Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq
olub.