Qlobal istiləşmə Azərbaycana da təsir göstərir

8 Avqust 2012 08:47 (UTC+04:00)

Son günlər Azərbaycanda və dünyada müşahidə olunan kəskin hava şəraiti dünya alimlərinin diqqətini daha çox cəlb etməkdədir. Yayın bəzi günlərinin həddindən artıq sərin, bəzi günlərinin isə hədsiz isti keçməsi bu günlərdə ABŞ-da alimləri bir araya gətirib. Kaliforniyada düzənlənən toplantıda Amerika Qlobal İqlim Dəyişikliyi İnstitutunun direktoru Hansen Adminson bildirib ki, yay aylarında havaların həddindən artıq isti keçməsi insan əməlinin nəticəsidir.

Onun sözlərinə görə, hazırda dünyada qlobal istiləşmənin vəziyyəti 30 il əvvəlki ilə müqayisədə daha pisdir: "Bəzən biz vəziyyəti ört-basdır etmişik. Faktları ictimaiyyətdən gizlətmişik. Amma hər şeyi olduğu kimi danışmağın vaxtı çatıb. Qlobal istiləşmə ilə bağlı həyəcan təbilinin çalınması lazımdır. Dünyada sənaye müəssisələrinin sayının artması, müharibələrin çoxalması, meşələrin məhvi, havaya zərərli maddələrin buraxılması yaxın 20 ildə bizi hansı ekoloji faciələrin gözlədiyindən xəbər verir. Hökumətlər üzərlərinə öhdəliklər götürməlidilər. Kioto sazişinə yenidən baxılmalıdır. Limitlər artırılmalıdır".

Amerikalı alim həmçinin bəyan edir ki, Avropada 2003-cü ildə yaşanan qızmar yay, Rusiyanı 2010-cu ildə lərzəyə salan istilik dalğası və Oklahoma ilə Texasda yaşanan faciəvi quraqlıq qlobal iqlim dəyişikliklərinin nəticəsidir: "Havaların həddindən artıq isti keçməsi quraqlığa, bu isə öz növbəsində aclığa səbəb olur. Böyük təsərrüfatlar məhv olmaq üzrədir. Kənd təsərrüfatı sektorunda ildən-ilə geriləmələr müşahidə olunur. Dünyanı aclıq gözləyir. Ərzaq, qida çatışmazlığı ola bilər. İnfeksion xəstəliklər, aclıq, səfalət bizi təqib edir. Dünyanın aparıcı dövlətləri bu barədə düşünməlidilər. Şimal Buzlu Okeanı əriməkdədir. Bu okean tamamilə ərisə dünya su altında qalacaq və dünyanın düzəni dəyişəcək".

Qeyd edək ki, qlobal istiləşmənin işartıları Azərbaycanda da özünü göstərməkdədir. Son bir neçə gündə temperatur o qədər yüksək keçir ki, insanlar gündüz saatlarında bayıra çıxa bilmirlər. Kondisioner otağın havasını soyuda bilmir. Həftə sonu insanlar daha çox dağ rayonlarına getməklə Bakının iztirablı ab-havasından canlarını qurtarmaq istəyirlər.

Başqa bir məqam çaylarda su səviyyəsinin aşağı düşməsidir. Ölkənin bir sıra kəndləri su qıtlığından əziyyət çəkirlər. Bəzi yerlərdə fərdi əkin sahələrini suvarmaqda ciddi problemlər yaşanır. Halbuki, iyul ayı kifayət qədər sərin keçdi. Bu ay ərzində ölkə ərazisində yağışlı hava şəraiti hökm sürdü. Yağıntının miqdarı normadan artıq oldu. Amma bu sevinc uzun çəkmədi. Azərbaycan alimləri hesab edir ki, ölkəmiz dünyanın bir hissəsi olduğundan baş verən qlobal iqlim dəyişmələri istər-istəməz bizdə də özünü göstərir.

"Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyevin sözlərinə görə, qlobal iqlim dəyişmələrinin əsas xüsusiyyətlərindən biri də, istiləşmədir: "Qlobal istiləşmə ən ciddi problemlərdəndir. Qlobal soyuqlaşmadan müdafiə olunmaq mümkündür. İnsan üşüyəndə daha qalın paltar geyinməklə qızınır. Və ya istilikxanalar yaratmaqda məhsul istehsal etmək mümkündür. Amma qlobal istiləşmə şəraitində bunları həyata keçirmək olduqca zordur. Ataların bir sözü var. Soyuqdan qalar, istidən yox. Hədsiz istilər canlı aləmi məhv edir. Dünyada ozon dəliyinin getdikcə böyüməsi ultrabənövşəyi şüaların daha sürətlə və çox miqdarda torpağa düşməsinə imkan verir. Bu da müxtəlif qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Bütün bunlardan qorunmanın bircə yolu var: sənaye müəssisələrindən, avtomobillərdən havaya buraxılan zərərli qazların miqdarını azaltmaq, müharibələri dayandırmaq. 2 tonluq təyyarə bombasının yaratdığı fəsad ozon dəliyinin daha da böyüməsinə səbəb olur. Amma təəssüflər olsun ki, Amerika və Çin kimi dünyanın aparıcı ölkələri alimlərin bu çağırışlarına qoşulmurlar".