Azərbaycan tezliklə taxıl istehsalını 3,5 milyon tona çatdıracaq

8 Avqust 2012 08:50 (UTC+04:00)

Azərbaycanda taxıl istehsalı proqnozları xeyli üstələyib. Bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bu il 2,7 ton taxıl (dənli və dənli paxlalılar) istehsal olunacağı proqnozlaşdırıldığı halda, yığılan məhsul bundan da artıq olacaq. Bundan başqa, bu il 1,7 mln. ton ərzaq buğdası yığılması gözlənilsə də, faktiki yığılan məhsul 1,835 mln. ton təşkil edib: "Sevindirici hal bundan ibarətdir ki, bu il məhsuldarlıq da artıb və bu il hər hektardan 1,6 sentner artıq məhsul əldə etmişik".

Bununla yanaşı, nazir qeyd edib ki, hava şəraiti pis olmasaydı, məhsul istehsalı bundan da artıq ola bilərdi: "Biz bu il 3 mln. ton taxıl əldə edə bilərdik, amma özünüzün də şahidi olduğunuz kimi, məhsul yığımı vaxtı, xüsusilə də iyun ayında hava şəraitinin qeyri-sabit keçməsi, güclü yağışların yağması biçin prosesinə mənfi təsir göstərib".

İ.Abasov bildirib ki, ölkənin kənd təsərrüfatı sektorunun potensialı ölkədə ümumi taxıl istehsalını 3,5 mln. tona çatdırmağa imkan verir: "Bunu nail ola bilsək, digər dövlətlərdən idxala ehtiyacımız qalmayacaq. Bunun üçün bütün tədbirlər görülür".

Nazir deyib ki, artıq dövlət başçısının tapşırığı ilə iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Bu məqsədlə artıq 4 800 ha torpaq sahəsi ayrılıb. "Digər tərəfdən Azərbaycan özünü toxumla tam təmin edir və fermerlər gübrədən istifadə etməli və aqrotexniki tədbirlər görməlidirlər ki, normal məhsul yığa bilsinlər. Belə olarsa, yaxın vaxtlarda 3,5 mln. tonluq məhsul yığımına nail ola bilərik", - deyə İ.Abasov vurğulayıb.

İsmət Abasov Nazirliyin regionların birinə köçürülməsi barədə bir qədər əvvəl parlamentdə bəzi millət vəkilləri tərəfindən səslənən təkliflərə münasibət bildirərkən deyib ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin harada fəaliyyət göstərməsi ilə bağlı məsələ dövlət başçısının qərarı ilə həll olunur.

Onun sözlərinə görə, bu məsələ ölkə rəhbərliyinin qərarı ilə həyata keçirilən məsələdir: "Əgər belə qərar olarsa, Kənd Təsərrüfatı Nazirliyi qərar qəbul olunan bölgədə fəaliyyət göstərəcək".

Qeyd edək ki, avqustun 7-də kənd təsərrüfatı naziri İsmət Abasovun başçılığı ilə Respublika Komissiyasının iclası keçirilib. İclasda kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhimdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi məsələlərinə dair müzakirələr aparılıb və qərar qəbul edilib.

İ.Abasov jurnalistlərə bildirib ki, fermerlər Nazirlər Kabinetinin 15 fevral 2007-ci il qərarı ilə sentyabrın əvvəllərinə kimi, dövlətin ayıracağı subsidiyaları əldə edə biləcəklər. Onun sözlərinə görə, ümumilikdə mövcud olan əkin sahələri üçün 1 418 528 hektar əkin sahəsi üçün 40 manatdan hesablanmış vəsaitlər 56 milyon 441 min 139 manat təşkil edib. Bu vəsait ötən il istifadə olunan vəsaitdən 3 milyon 964 min 845 manat çoxdur. O deyib ki, komissiyanın qərarına əsasən, bu məbləğin ayrılması üçün təkliflər sabah Maliyyə Nazirliyinə göndəriləcək və orada qərar qəbul olunacaq. Təqribən bir neçə gündən sonra bu məbləğ Kapital Banka köçürüləcək. Bu ayın sonu gələn ayın əvvəlindən fermerlər bankomatlar vasitəsi ilə öz plastik kartları ilə subsidiyalarını (vəsaitlərini) əldə edə biləcəklər. Ümmumilikdə 398 min 715 istehsalçı dövlətin ayıracağı yardımdan bəhrələnəcək. İsmət Abasov bildirib ki, ölkə fermerlərə gübrələrin güzəştlə satışına görə dövlət büdcəsindən 2 milyon 284 min 252 manat vəsait ayrılacaq. Onun sözlərinə görə, 2011-2012-ci ildə ümumi satılan gübrələrin miqdarı 11 min 878 ton 425 kq təşkil edib. Gübrələrin güzəştlə satışı "Aqrolizinq"MMC, "Mikro AZFeed"MMC, "AQRONUR" MMC və "Sərxan-2" MMC tərəfindən həyata keçirilib. Bu vəsait gübrələrin güzəştlə satışını həyata keçirən qurumların hesabına köçürüləcək.