Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası
keçirilib. İdarə Heyətinin üzvləri MŞ sədri Əflatun Amaşovun
təqdimatından sonra gündəliyə 3 məsələ barədə müzakirələrin daxil
edilməsi razılığına gəliblər.
Əvvəlcə Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının rəylərinə
baxılaraq bunlarda MŞ-nin qərarlarının çıxarılması üçün nə kimi
əsasların olduğu müəyyənləşdirilib. On məsələ barədə müvafiq
qərarlar qəbul olunub. Bunlar əksəriyyətində mətbu orqanların
"Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra
prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə müddəalar,
Mətbuat Şurasının tövsiyələri yer alıb. "Kred Aqro" Bank Olmayan
Kredit Təşkilatının "Yeni xəbər", "Ehtiyatda və istefada olan
zabitlər" İctimai Birliyinin "Elçi" və "Hürriyyət", professor Rafiq
Əliyevin və Bakı şəhər sakini Nazim Məmmədovun "Səs", Bakı Şəhər
Baş Polis İdarəsinin, "Sədərək" Firmasının "Azadlıq", həmin
firmanın, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun,
"Azərintellekt" QSC-nin "Yeni Müsavat", Bakı şəhər 173 saylı orta
məktəbin "Super market" qəzetləri ilə bağlı müraciətləri əsasında
qərarlar qəbul edilib.
İkinci məsələdə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu
nəzərdən keçirilib. Ağstafa rayonunun eyni adlı və "Sport favorit"
qəzetlərinin MŞ üzvlüyünə qəbulu barədə yekdilliklə qərar
çıxarılıb.
Cari məsələlərin ətrafında müzakirələr başlamazdan əvvəl Mətbuat
Şurasının sədri Əflatun Amaşov MŞ İdarə Heyətinin üzvü, Slavyan
Universitetinin rektoru Kamal Abdullanı qurum adından "Yarımçıq
əlyazmalar" əsərinin Nobel mükafatına iddialılar sırasına rəsmən
qeydiyyata alınması münasibətilə təbrik edib. Sonra söhbət görkəmli
alimin də tədqiqatçıları sırasında olduğu fundamental əsərin -
"Kitabi-Dədə Qorqud"un alman şərqşünası F. fon Dits tərəfindən üzə
çıxarılmasının 200 illik yubileyinə hazırlıq ətrafında gedib. Onun
həmin tədbirin filoloji, kulturoloji bayrama çevrilməsi
istiqamətində səsləndirdiyi təkliflər, xüsusilə bu işin Almaniyadan
olan mütəxəssislərlə birgə həyata keçirilməsi barədə səsləndirdiyi
fikirlər razılıqla qarşılanıb. Təklif olunub ki, qəzetlərdə "F. fon
Dits - "Kitabi-Dədə Qorqud - 200" rubrikası ilə müntəzəm yazılar
dərc olunsun, Bakı Slavyan Universiteti ilə birgə konfranslar,
müsabiqələr keçirilsin.