Bakıda Hindistandan gətirilən camış ətindən dolma hazırlanırmış
8 Avqust 2012 14:40 (UTC+04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi nəzarət tədbirlərini davam
etdirir.
SMPDK-nin mətbuat xidmətindən Lent.az-a verilən
məlumata görə, komitə yanında Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı
şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında fəaliyyət
göstərən fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə dövlət
nəzarəti həyata keçirilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə
"Rasimoğlu" adlı ət yarımfabrikatları və kulinariya məmulatlarından
gürcü xingalı, pelmeni, ətli blinçik və yarpaq dolması
qanunvericiliyin tələblərinə və AZS Milli sertifikatlaşdırma
sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal
olunur. Bundan başqa müəssisədə sanitar vəziyyət
qeyri-qənaətbəxşdir, normativ sənədlərin tələblərinə zidd olaraq
istehsal olunan məhsulların resepturaları və texnoloji təlimatları
mövcud deyil, məhsulların etiketində heç bir əsas olmadan saxlanma
müddəti 3 ay göstərilib. Həmçinin etiketlərin üzərində mal əti və
ya mal əti və qoyun ətindən istifadə olunduğu qeyd olunsa da,
müəyyən olunub ki, məhsulların istehsalında yalnız camış ətindən
istifadə olunur. Yarpaq dolmasının istehsalında qoyun və ya mal
ətindən və piyindən istifadə olunması nəzərdə tutulsa da, faktiki
Hindistandan idxal edilmiş dondurulmuş camış ətindən istifadə
olunur. İstifadə olunan Hindistanın dondurulmuş camış ətinin və
ABŞ-ın dondurulmuş toyuq budlarının keyfiyyətini və
təhlükəsizliyini təsdiq edən sertifikatları mövcud olmayıb.
Həmçinin müəyyən olunub ki, istismar olunan 11 ədəd ölçmə vasitəsi
müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur. Aşkar
olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs Rasim Ağcayevə
məxsus müəssisədə gürcü xingalının, pelmeninin, ətli blinçiklərin
və yarpaq dolmasının istehsalı və satışı qadağan edilib.