Xaricdə təhsil alan, Vətənə dönmək istəməyən gənclər

5 Mart 2015 10:00 (UTC+04:00)

Məlumdur ki, müvafiq dövlət proqramı çərçivəsində son 8 ildə müxtəlif xarici ölkələrdə fərqli ixtisalar üzrə xeyli sayda azərbaycanlı gənc təhsil alıb. Ancaq problem budur ki, xarici ali təhsil ocaqlarından məzun olan gəncləimizin müəyyən hissəsi ölkəyə qayıtmır. Eləcə də xaricdə təhsil alıb ölkədə müvafiq iş tapmayan gənclərə də rast gəlinir. Bəzi iş adamları xaricdə təhsil almış kadrları "təcrübən yoxdur" deyib işə götürmürlər. Əvəzində eyni sahə üzrə xarici mütəxəssislərə üstünlük verilir. Hər halda bu məsələyə daha çox diqqət yetrilməsi vacib sayılır. . Mütəxəssislər yaranmış durumu müxtəlif səbəblərlə, əsasən də əmək haqqı məsələsi ilə izah edirlər.

Professor Şahlar Əsgərov bu problemin sosial-psixoloji, fəlsəfi tərəfini belə şərh edir ki, xaricə magistr səviyyəsinə tələbə göndərilməsinə çalışılmalıdır: "Fərd kiçik yaşlardan milli ruhda böyüyür. Orta məktəb yaşlarında həmin hisslər bir az da möhkəmlənir. Ali təhsilin bakalavr səviyyəsində isə milli düşüncə, dövlətçilik hissləri daha da möhkəmlənir. Amma bu yaşda abituriyent əcnəbi mühitə göndərilir. Böyüməkdə olan gəncin beyni Avropa mədəniyyəti ilə dolur. 4 il orada yaşayıb, oradakı həyatın daha münasib olduğunu görən gənc Azərbaycana qayıtmağı düşünmür. Xüsusi ilə də qalıb işləmək üçün şərait olduğu halda bura gəlməyi heç ağlından belə keçirmir. Onu da nəzərə alaq ki, xaricdə həmin kadrlar daha yüksək əmək haqqı il təmin olunurlar. Odur ki, dövlət xaricə gedən tələbədə qayıtmaq üçün maraq yaratmalıdır. Onların işlə təmininə xüsusi diqqət yetirilməli, yaxşı əmək haqqı verilməlidir. Bunları edə bilmirsə, ən azından mənzillə təmin etməlidir. Yəni, dövlət hansısa bir yolla onlarda maraq oyatmalıdır ki, həmin gənclər xaricdə aldıqları təcrübəni burda bölüşsünlər".

"XXI əsr" Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev bildirir ki, xaricdə təhsil üçün ixtisaslar və sahələr müəyyənləşdirilərkən əsas üstünlük təbiət elmlərinə, kompüter texnologiyaları üzrə sahələrə verilməlidir: "Onsuz da Azərbaycanın ali məktəbləri humanitar sahədə kifayət qədər mütəxəssis hazırlayır. Amma əsas məsələ onların təhsili başa vurub Azərbaycana qayıdandan sonra işlə təminatıdır. Xaricdə təhsil alan gənclərin ölkədə işləməsi üçün əlverişli şərait yaradılmadıqda onlar geri qayıtmaqda maraqlı olmurlar. Yeganə üstünlük, onların dövlət qulluğuna müsabiqədən kənar qəbul edilmələridir. Əmək haqlarında digərləri ilə müqayisədə elə də böyük üstünlük olmur. Odur ki, xaricdə təhsil alanların imkanları ilə Azərbaycanda təhsil alanların imkanları fərqləndirilməlidir. Xaricdə təhsil alan mütəxəssislərə digərləri ilə eyni əmək haqqının verilməsi beyin axının ikinci dalğasını yarada bilər. Ancaq hazırda inzibati üsuldan istifadə olunur. Yəni, xaricə göndərilən məzunlarla müqavilə bağlanılır. Müqaviləyə görə, həmin gənclər xaricdə təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdıb, müəyyən qədər işləməlidirlər. Xarici univerisitetləri bitirmiş gənc isə Azərbaycana qayıdaraq aşağı əmək haqqı ilə işləmək istəmir. Həm də bizim universitetlərin səviyyəsi, xaricdəki universitetlərlə müqayisədə aşağıdır. Həmçinin, onu da nəzərə alaq ki, xaricdə təhsil alan tələbələrin ölkədə biliklərinə cavab verən və dünya standartlarınaa uyğun müəssisələr azdır. Onlar təcrübələrini həyata keçirməkdə çətinlik çəkir. Təcrübələrini ancaq nəzəri olaraq bölüşə bilirlər. Burada hələlik yeganə çıxış yolu və ən vacibi onların əmək haqqlarının yüksəldilməsi ola bilər".