Cənub qonşumuzun nüvə proqramını inkişaf etdirməsi İsraili getdikcə daha çox narahat etməkdədir. Bu fonda yayılan məlumatlara görə, İsrail rəhbərliyi İranın nüvə obyektlərinə hava zərbələri endirmək istəyib. Ancaq bu plan barədə Vaşinqtona məlum olan kimi prezident Barak Obama sərt reaksiya verib və hərbi əməliyyatlar təxirə salınıb.
"Əl-Cəzirə" telekanalının xəbərinə əsasən, İsrail baş naziri İranla "altılıq" arasında hazırlanmaqda olan məxfi sövdələşmənin Tehrana qarşı iqtisadi sanksiyaları tamamilə ləğv etməyi nəzərdə tutduğu haqda məlumat alan kimi təhlükəsizlik kabinetini toplayıb. Baş nazir müdafiə naziri Moşe Yalon və xarici işlər naziri Aviqdor Libermanın, İsrail ordusunun yüksək rütbəli komandanlarının iştirakı ilə İranın nüvə obyektlərinə qarşı hava reydlərinə dair qərar qəbul edib. Lakin Obama İsrailin planlarına qarşı çıxıb. İndi İsrail Obamanı yola gətirmək istəyir, lakin buna nail ola bilmir. Bu vəziyyətdə Təl-Əviv ABŞ-dan dəstək almağa çalışır.
Bu dəstək olarsa, İsrail İranın nüvə obyektlərini vuracaq. Təbii ki, İran da buna mütləq cavab verəcək. Məlumatlara görə, İsrail Konqresdən razılıq ala bilməyəcəyi təqdirdə də İranı vurmaq niyyətindədir. İsrailin İranı vurmaq niyyəti bölgə üçün müəyyən təhdidlər yaradır.
Politoloq Elşən Manafov İsrailin ABŞ olmadan İranı təhdid etməsinin blef olduğunu bildirir: "ABŞ, Rusiya və nüvə silahına malik digər dövlətlər, onların xüsusi xidmət orqanları gözəl bilir ki, İsrailin təxminən 200-ə qədər belə raketi var. Halbuki, İran nüvə enerjisindən istifadə etmək hüququnu ortalığa qoyub. Bu hüquq da beynəlxalq birlik tərəfindən tanınmalıdır. İsrailin ABŞ-ın razılığı olmadan İranın nüvə obyektlərinə hərbi zərbələr endirmək niyyətinə gəldikdə, Təl-Əviv gözəl başa düşür ki, Tehranla qarşıdurmada tab gətirə bilməyəcək. İsrail vaxtilə ABŞ-ın yardımı ilə ərəb dövlətlərinə qarşı müharibə aparıb, Fələstini işğal etmişdi. Amma nəzərə alaq ki, İranın 2000-2500 km-lik məsafədə hədəfi vuran raketləri var. Bütün hallarda ABŞ-ın razılığı olmadan İsrail İranla qarşıdurmaya gedə biləcək tərəf deyil. Onun hərbi və insan resursları İran kimi nəhəng dövlətin qarşısında tab gətirə biləcək gücdə deyil. Sadəcə olaraq, İsrail növbəti dəfə Vaşinqtonu İrana qarşı təxribata yönəltmək istəyir. ABŞ-da isə başa düşürlər ki, İran hər halda İraq deyil. İrana qarşı başlana biləcək müharibə bölgədəki mənzərəni yetərincə dəyişə bilər. İranın vurulması onun müttəfiqləri olan Rusiya və Çin tərəfindən ciddi narazılıqla qarşılanacaq. Onlar buna imkan verməyəcəklər. ABŞ başa düşür ki, Suriyada Bəşər Əsəd rejimini devirə bilməyənə qədər burada apardıqları siyasət iflasa uğramaqda davam edəcək. Rusiya tərəfinin dəstəyi olmadan Əsəd rejimi bu qədər tab gətirə bilməzdi. Əsədə dəstək olanlardan biri də İrandır. Əsəd rejimi devrilmədən, Livanda "Hizbullah"la bağlı məsələyə aydınlıq gətirmədən, ABŞ İranla hərbi qarşıdurmaya getməyəcək. Həm də ABŞ başa düşür ki, Ukraynada olduğu kimi İranda da onun qarşısına Rusiya çıxacaq. İranın vurulması həm də dünya neft bazarında neftin ciddi surətdə qiymətinin qalxması demək olacaq".
Ekoloq Fəridə Hüseynova bu qənaətdədir ki, İsrail İranın nüvə obyektlərini vurarsa, bölgəni radiasiya təhlükəsi gözləyə bilər: " İrandakı nüvə zavodları bombardman edilərsə, onda bölgədə radiasiya təhlükəsi yarana bilər. Lakin inanmıram ki, bu hal baş versin".