İran qonşularına qarşı «Hizbullah» və «Həmas»ı işə sala bilər

9 Avqust 2012 08:49 (UTC+04:00)

Cənub qonşumuzun regionda Ermənistan istisna olmaqla digər qonşularına qarşı da aqressiv siyasət yürütməsi, xüsusən də Azərbaycanla münasibətlərini kəskinləşdirməsi okeanın o tayında da ciddi narahatlıq doğurub. Hətta iş o yerə çatıb ki, İranın bu ilin əvvəlində Azərbaycan, Gürcüstan və Taylandda Qərb diplomatlarına qarşı baş tutmamış sui-qəsd cəhdlərini əsas gətirən lobbiçilər və təhlükəsizlik ekspertləri Konqresə təcili hərəkətə keçməyi, ABŞ-ın regional maraqlarının müdafiəçisi qismində ölçü götürməyi tövsiyə edirlər. Bu tip bəyanatlar xüsusilə ötən ay Tehrana təəssübkeşliyi ilə seçilən "Hizbullah" təşkilatının Bolqarıstanda həyata keçirdiyi və İsrail vətəndaşlarını hədəf alan partlayışdan sonra intensivləşib.

Vaşintondakı "Brooking" institutunun Yaxın Şərq Siyasəti üzrə Saban Məkrəzinin araşdırmaçı direktoru Daniel Bayman bildirir ki, indi heç kəs İranın qonşuluqda daha da aqressivləşməyəcəyinə zəmanət verə bilmir: "Son bir neçə ay ərzində Qafqaz və Şəqi Avropada təcrübədən keçirilən terror cəhdləri düşündürücü siqnaldır. Düzdür, İranın qonşularına qarşı, məsələn, kimyəvi, bioloji və yaxud nüvə silahları tətbiq edəcəyi gözlənilmir, amma "Hizbullah"ın əli ilə həyata keçirilən qəsdlər bir-birini əvəzləməkdə davam edir".

Ekspertlər qeyd edir ki, son aylara qədər ABŞ-İran hərarəti qonşuluqda, xüsusilə də Cənubi Qafqazda açıq şəkildə nəzərə çarpmırdı. Vaşinqtonun əsas müttəfiqi Gürcüstan isə hələ də Tehranla ticarət əlaqələrini genişləndirir. Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin milli təhlükəsizlik məsələləri üzrə icmalçısı Antoni Kordesman bununla bağlı BBS-yə açıqlamasında bildirir: "Tiflis üçün regionda əsas problem Rusiyanın təcavüzüdür və əksər gürcülər hələ də ABŞ-ı bu mübarizədə ölkələrinin qarantı kimi görürlər, nəinki İranı. Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın da İrana ehtiyacı var və İslam respublikası öz növbəsində, vəziyyətdən istifadə edərək, burada nüfuzunu artırmağa çalışıb. Hərçənd, Gürcüstanda olduğu kimi, Ermənistanda da Tehranla əlaqələr əsasən ticarətə köklənib". Azərbaycan onun fikrincə, Xəzərdə enerji resurslarına çıxışı ilə uzun illər həm Tehran, həm də Vaşinqton üçün cəlbedici olub: "Hərçənd, xoşbəxtlikdən məhz burada strateji rəqabət bu iki ölkənin regional siyasətlərində əsas müzakirə mövzusu - bir nömrəli hədəf deyil. İranı daha çox İraq və Əfqanıstanda post-müharibələr dövrü, daha doğrusu, ABŞ-ın regiondan getməsindən sonra baş verənlər maraqlandırır. Son bir neçə ay ərzində şahidi olduğumuz terror cəhdləri isə yeni mənzərədən - İranın Qafqaz və Şərqi Avropada yaratdığı risklərdən, bu bölgəyə döyüş meydanı kimi baxmasından xəbər verir".

Mərkəzi Florida Universitetində İran üzrə araşdırmaçı Homan Sadrinin fikrincə isə hazırda İran Qafqazda sabitliyə hədə yaradacaq amillər sırasındadır: "Halbuki, cəmi bir neçə il öncə bu ölkə regionun yeni dövlətlərinin müdafiəçisi qismində görünməyə çalışırdı, ən azından anti-hegemon siyasətini inkar etməklə. İndi isə hədəf aydındır: İran Qafqazı və Şərqi Avropanın yeni demokratiyalarını özünə təhlükə görməyə başlayıb. Ancaq Tehranda onu da başa düşürlər ki, istənilən bir qığılcım region dövlətlərini onun əleyhinə çevirə bilər. Bu, həm də Qərbin İrana qarşı daha effektiv kampaniya aparması üçün yaxşı əsas olardı". Vaşinqtondakı "Heritage" Fondundan Ceyms Karafano isə Qafqazda özünün təbirincə "İran esktremizminin" mümkün hədəflərini belə təsvir edir: "Bu, dəfələrlə şiddətə məruz qalmış regiondur... Zahirən İran qonşuluğunda sabitlikdən bəhs etməyi xoşlasa da, rejimin ekstremizmə arxalandığı sirr deyil. Məncə, biz Qafqazın neft-qaz tədarükçüsü kimi rolunu unutmamalıyıq. Aydın görünür ki, İran küncə sıxıldıqca, enerji ehtiyatlarının Qərbə çatdırılmasına əngəl yaratmağı, regionda qarışıqlıq yaratmağı hədəf seçir".

Eyni zamanda, onun fikrincə, İran ətrafında vəziyyət gərginləşdikcə, bu ölkənin "Hizbullah" və "Həmas"ın əli ilə regionda sabitliyi pozmaq cəhdləri gözləniləndir və buna hazır olmaq gərəkir.

Konqresə müraciət etmiş lobbiçilər bir qayda olaraq, Vaşinqtonu "İran hədəsi"nin qarşısını almaq üçün regiona hərbi və müdafiə xarakterli yardımlarını artırmağa səsləyirlər.

Lakin bu, heç də hər kəs çıxış yolunu hərbdə görmür. Karafanoya görə, iqtisadi sanksiyalar İranı durdurmağın qısa olmasa da, ən düzgün yoludur. Tehran yolundan dönməsə, bu sanksiyalar tədricən qlobal anti-İran koalisiyanın formalaşmasında da mühüm rol oynaya, ən azı beynəlxlq fikrin formalaşmasına yardımçı ola bilər.

Başqa qrup təhlilçilər, o cümlədən, Vaşinqtondakı Silahlara Nəzarət Assosiasiyasından Qreg Tielman hesab edir ki, Vaşinqtonun Tehranın təxribatlarına birbaşa və sərt cavab verməyəcəyi təqdirdə, geniş bünövrəli beynəlxalq koalisyadan söhbət gedə bilməz: "Buna heç BMT Təhlükəsizlik Şurası da getməz". Ekspertin fikrincə, Azərbaycan kimi ölkələr İran məsələsində təhlükəsizliyini əsas tutub tərəf seçmək üçün, "Tehrandan hədə" gözləməməlidir: "Doğrusu, mən Azərbaycanın İrana qarşı hər hansı - istər iqtisadi, istər siyasi əməliyyatlarda iştirak etmək istəməsinə şübhə edirəm". Eyni zamanda, onun fikrincə, Qərb Azərbaycana ölkədə İslam radikalizminin geniş vüsət almamasında yardımlar etməli, Tehranın "cilovuna düşməməyin" yollarını izah etməlidir.

1994-97-ci illərdə ABŞ-ın Bakıda səfiri olmuş Riçard Kauzlariç isə İranın dəstəklədiyi radikal islamın hələ onun dövründən Azərbaycanda narahatlıq doğurduğunu xatırlayır: "İslam radikalizminin bu ölkədə daha da güclənməsi təhlükəsi həmişə var. Azərbaycanda hər bir insan, xüsusən hökumət bu təhlükəni görməli və sosial problemlərin həlli üçün ölkənin sərvətlərindən istifadə etməli, habelə insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır".

Qeyd edək ki, bu günlərdə ABŞ Konqresinin keçmiş üzvü Maykl Makmahon da Ağ Ev administrasiyasını Azərbaycanı İranın təhdidlərindən müdafiə etməyə çağırıb. Sabiq konqresmenin "The Hill" nəşrində dərc olunmuş məqaləsində öz əksini tapıb. Maykl Makmahon bildirir ki, əksəriyyəti İranın nüvə və raket proqramlarının ABŞ, israil, Avropa və ərəb ölkələri üçün təhdid təşkil etdiyini düşünür: "Bu, aydın məsələdir, lakin bu zaman İranın qonşuları, o cümlədən Azərbaycan üçün yaranmış təhlükə nəzərə alınmır. Azərbaycan müasir və dünyəvi ölkədir və İranın şimalında yaşayan 25 milyon azərbaycanlı Azərbaycan xalqına öz qardaşı kimi baxır".

Müəllifin fikrincə, Azərbaycanın ABŞ və İsraillə dostluq etməsi Tehranı qıcıqlandırır: "Lakin İran da Azərbaycanın bir nömrəli düşməni olan Ermənistanla dostluq edir. İran Azərbaycan ərazisində - Tehran tərəfindən maliyyələşdirilən məscidlərdə aktiv anti-Azərbaycan təbliğatı aparır. Bütün bunlar Azərbaycan vətəndaşlarını öz tərəfinə çəkmək məqsədi daşıyır. Azərbaycan İran xüsusi xidmət orqanları tərəfindən xarici nümayəndəliklər və vətəndaşlara qarşı bir neçə dəfə terror aktı törədilməyə cəhd edilib. Azərbaycan qlobal bazarların diversifikasiyası və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Çünki Qərb bazarına Rusiyadan yan keçməklə neft və qazın ötürülməsi bu ölkə vasitəsilə reallaşdırılır. Gələcəkdə Xəzər regionundan nəql olunan enerji daşıyıcılarının həcmi artırılacaq. Bundan başqa, Qərbin Əfqanıstan və Pakistana yük daşımaları həyata keçirməsində tranzit marşrutlardan istifadə etməsi hesabına Azərbaycanın əhəmiyyəti daha da artır. Bu gün Əfqanıstana daşımaların 40 faizi Bakıdakı beynəlxalq hava limanı vasitəsilə həyata keçirilir".

Sabiq konqresmen məqaləsinin sonunda Nümayəndələr Palatasındakı həmkarlarına bəzi məsləhətlər verib: "Mən Konqresdəki keçmiş həmkarlarıma bəzi məsləhətlər vemrək istəyirəm. Yadınızda saxlayın ki, Konqres İranla qonşu olan ABŞ-a dost ölkələrə daha çox diqqət ayırmalıdır".