Müxalifətdə vahid namizəd olmayacaq

9 Avqust 2012 08:53 (UTC+04:00)

"Özünü müxalifət adlandıran bəzi qüvvələr düşünürlər ki, müxalifətin Dağlıq Qarabağla bağlı vahid konsepsiya hazırlaması labüddür". Bu fikri Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev səsləndirib. Partiya sədri açıqlamasında qeyd edib ki, müxalifətin özü bütovlükdə Dağlıq Qarabağ probleminə fərqli yanaşır. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə isə SİA-ya açıqlamasında müxalifətin Dağlıq Qarabağla bağlı vahid konsepsiya hazırlamasına aydınlıq gətirib: "Radikal müxalifətdə təmsil olunanlar Qarabağ deyib siyasətə gəliblər. Bu onu göstərir ki, onları Qarabağ yox, hakimiyyət, şəxsi maraqlar maraqlandırır. Ona görə də Qarabağ məsələsində müxalifətin fərqli yanaşmaları var. Məsələn, Müsavat başqanı İsa Qəmbər vaxtilə separatizmin başında duran "Erməni Ümummilli Hərəkatı" ilə əməkdaşlıq edib, saziş imzalayıb. Görürsünüz ki, fərqli yanaşmalar meydana çıxdı".

Daha sonra A.Əlizadə müxalifətin aksiyalar keçirməsinə də münasibət bildirib: "Bacarırlarsa keçirsinlər. Bu meydan bu da şeytan. Onlara müvafiq yer ayırırlar. Kim istəyir getsin Bibiheybətdə mitinqini keçirsin. Mən özüm orda olmuşam. Ora çox yaxşı və münasib yerdi. Aksiyaların olacağını deyən Pənah Hüseynin daxil olduğu radikal müxalifət gözləyir ki, iqtidar onlara maşın versin, əlavə səlahiyyət də versin".

Bununla yanaşı, partiya sədri bildirib ki, radikal müxalifət vahid namizədi müəyyənləşdirə bilməyəcək: "Müxalifətdə vahid namizəd olmayacaq. Bu insanlar vaxtilə vahid təşkilatda idilər. Onlar ordan ayrıldı, ayrı-ayrı yerlərə getdilər. Onlar öz siyasi ambisiyasını qəbul etsinlər. Onların ambisiyaları təmin olunmayıb və vahid təşkilatda birləşmələri də mümkün deyil".