Bakıya gələn bəzi avtobusların marşrutu dəyişdirilib

9 Avqust 2012 15:44 (UTC+04:00)

Bu gündən Bakı Metropoliteninin Həzi Aslanov-Dərnəgül xətti üzərindəki 5 stansiyası işini müvəqqəti dayandırılıb. Lent.az-ın məlumatına görə, "20 Yanvar", "Memar Əcəmi", "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları avqustun 13-dək işləməyəcək. Bu səbəbdən də həm şəhərdaxili, həm də Xırdalan, Biləcəri, Binəqədi, eləcə də Sumqayıt istiqamətindən Bakıya gələn əksər xətt avtobuslarının marşrutunda dəyişiklik edilib.

Sumqayıtdan paytaxt gələn avtobusların əksəriyyəti metronun "İnşaatçılar" stansiyasına doğru hərəkət edir.
Nəqliyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik müvəqqəti xarakter daşıyır, avtobuslar metropolitendə iş başa çatdıqdan sonra əvvəlki rejimdə və marşrut üzrə işləyəcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarından Bakı metrosunun yuxarıda qeyd edilən stansiyalarının işləməməsindən xəbərsiz olan minlərlə insan olub. Xüsusi ilə də "20 Yanvar" stansiyası ətrafında xeyli sərnişin toplanıb.
Bakı Metropolitenindən verilən məlumata görə, yeni stansiyaların tikintisi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyi üçün həmin stansiyaların işi dayandırılıb.