Erməni Türkiyənin Fransadakı səfirinə hücum etdi
8 Mart 2015 19:07 (UTC+04:00)
Ermənilər harada və hansı şəraitdə
yaşamalarından asılı olmayaraq, hələ beşikdə ikən onlara düşmən
obrazı kimi təlqin edilən türklərə nifrət hissini
gizlətmirlər.
Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki,
martın 2-də Türkiyənin Fransadakı səfiri Hakkı Akılın Parisin
Dekart Universitetinin tələbələri ilə görüşündə qondarma "erməni
soyqırımı" məsələsindən bəhs edərkən, auditoriyadakı gənclərdən
biri səfirin çıxışında səsləndirdiyi fikirlərə etiraz əlaməti
olaraq, gözlənilmədən səfirin üzərinə nar şirəsi
tullayıb.
Təhlükəsizlik əməkdaşları tərəfindən tutularaq
polisə təhvil verilən gəncin şəxsiyyəti aydınlaşdırılıb. Fransada
yaşayan erməni mənşəli Tad adlı gəncin bu ölkədə fəaliyyət göstərən
Daşnakstyun partiyasının nəzdindəki "Nor Seround" gənclər
təşkilatının üzvü olduğu bəlli olub.
Polis tərəfindən saxlanılan gənc erməni Nanter
məhkəməsinin qərarı ilə 48 saatdan sonra azadlığa buraxılıb.
Səfirin müraciətindən sonra onun yenidən məhkəmə qarşısına
çıxarılacağı bildirilib.
Türklərə və azərbaycanlılara qarşı həmişə
düşmənçilik münasibətlərini gizlətməyən Daşnakstyun partiyası bu
xoşagəlməz məsələni az qala qəhrəmanlıq səviyyəsinə qaldırmağa
çalışır.
Fransadakı erməni lobbisinin vəsaiti hesabına
gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalının martın 5-də
dərc olunan "Türkiyə səfirliyi. Nor Seround işi: Fransa
Ermənilərinin Məsələsi Partiyası həmrəylik nümayiş etdirir"
sərlövhəli məqalədə Daşnakstyun partiyası erməni gəncin insanlığa
yaraşmayan bu hərəkətini təqdir edir. Hətta bir qədər irəli gedərək
gəncə haqq qazandırır. Guya gəncin ulu babalarının və nənələrinin
türklər tərəfindən "qətlə" yetirilməsi kimi heç bir həqiqətə uyğun
gəlməyən cəfəng fikir ortalığa atır, məhkəmə kürsüsündə gəncin
deyil, "ermənilərə qarşı soyqırımı törədən" türklərin əyləşməsi
kimi, gülünc fikri irəli sürməkdən çəkinməyiblər.
Bir növ çağırış kimi səslənən məqalədə Daşnakstyun
partiyası bu çətin vaxtlarda gənc erməni fəalının, onun ailəsinin
təşkilat və bütün erməni xalqı tərəfindən dəstəkləndiyini bəyan
edib.
Xatırladaq ki, "Nor Seround" gənlər təşkilatının
üzvləri ölkəmizlə bağlı Parisdə keçirilən tədbirləri dəfələrlə
pozmağa cəhd göstəriblər və hər dəfə də onların bu cəhdlərinin
qarşısı alınıb.