Bu gün Novruzun üçüncü çərşənbəsidir
10 Mart 2015 10:07 (UTC+04:00)
Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi-Yel
çərşənbəsidir. Movqe.az xəbər verir ki, El arasında yel, külək
çərşənbəsi və s. adlarla tanınan çərşənbədə,isti küləklərin əsməsi
yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək
oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi
ilaxır çərşənbələrin üçüncüsüdür. Əski etiqadlara görə, bu
çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə
gətirir.
İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu
hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması
ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s.
yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü
etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə
bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Xalqımızın Yel baba ilə əlaqəli söylədiyi inanc nümunələrində də
onun bu kimi əlamətlərinə işarələr əks olunur: Yel baba xırmana
gəlməmişdən öncə ordan buğda, dən götürməzlər. Sovrulmamış buğda
götürənin oğlu ölər.
Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.
Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin, ya da
xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda Yel baba insafa gəlib
yavaş əsər.
İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib
niyyət elə və Yel babanı çağırırlar. Əgər Yel baba sənin səsini
eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin
yerinə yetər.