Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon tədbiri keçirilib
10 Mart 2015 15:50 (UTC+04:00)
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
R.Əlihəsənov adına Masallı 1 saylı tam orta məktəbində 8 mart -
Beynəlxalq Qadınlar Günü
münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Masallı Rayon
İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, icra aparatının digər
rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,
müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət
müəssisələrində çalışan qadınlar, təşkilat rəhbərləri,
müxtəlif sahələrdə çalışan, rayonun ictimai-siyasi, mədəni
həyatında fəallığı ilə seçilən qadınlar, eləcə də ictimaiyyət
nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları
məktəbə daxil olarkən xoş bayram əhval-ruhiyyəsi ilə
qarşılanıblar.
İcra başçısı Rafil Hüseynov tədbirdə çıxış edərək bayram
münasibətilə qadınları təbrik edib, rayonun ictimai-siyasi,
iqtisadi, sosial və mədəni həyatında xanımların rolunu və əməyini
yüksək qiymətləndirib. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə
Azərbaycan qadınlarına təbrikinində deyir ki, müasir
cəmiyyətimizdə tutduğunuz mövqe, bərabər hüquqlar və imkanlar üçün
göstərdiyiniz səylər, həmçinin mötəbər qurumlarda təmsil
olunmağınız fəxr etdiyimiz mühüm tarixi nailiyyətlərdir. Adınız
ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə
uca tutulmuşdur. Qədim keçmişimizin hər bir səhifəsi
müdrikliyinizin, fədakarlıq və qəhrəmanlığınızın parlaq nümunələri
ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik
mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrin bu
günlərədək layiqincə yaşadılması sizin misilsiz
xidmətinizdir. Mədəniyyət salnaməmizə, ədəbi-ictimai və elmi
fikir tariximizə öz istedadı və zəkasıyla yeni səhifələr yazmış
maarifpərvər Azərbaycan xanımlarının yolunu siz bu gün də şərəflə
davam etdirirsiniz. Nəsillərin varisliyini qoruyaraq ötən əsr
boyunca sosial-mədəni fəaliyyətin genişləndirilməsi istiqamətindəki
müvəffəqiyyətlərinizi müasir mərhələdə vətəndaş cəmiyyətinin
təşəkkülü və əsaslarının möhkəmləndirilməsi prosesində yaxından
iştirakınızla daha da zənginləşdirmisiniz. Məmnunluq hissi ilə
bildirirəm ki, müstəqilliyimizin bərpasından sonrakı müddət ərzində
milli dövlət quruculuğu sahəsində qazanılan uğurlarda müstəsna
rolunuz vardır.
Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik
ideallarına sədaqət, vətənə məhəbbət ruhunda formalaşmış gənclik
ölkəmizə ən böyük töhfənizdir. İnanıram ki, istedad və bacarığınızı
ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatımızda
bundan sonra da gerçəkləşdirərək, Azərbaycanın davamlı inkişafı
naminə var qüvvənizlə
çalışacaqsınız.
-Son illər ölkənin birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan
qadınının tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını
bütün dünya aydın şəkildə görür. Rayon rəhbərliyi
adından hamınıza cansağlığı, səadət və yüksək amallar naminə
fəaliyyətinizdə uğurlar arzulayıram.-
deyə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı R.Hüseynov
bildirib.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva özünün çoxsahəli fəaliyyəti ilə bütün
dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal
ictimai xadimdir. Məhz bu fəallığın nəticəsidir ki, ötən il
yerli bələdiyyə orqanlarına keçirilən seçkilərdə masallılı
qadınların əhəmiyyətli bir qismi bələdiyyə rəhbərliyinə
seçilib. Qeyd olunub ki, müasir dövrümüzdə Azərbaycan qadını
həyatımızın bütün sahələrində kişilərlə bərabər uğurla fəaliyyət
göstərir. Müstəqil və müasir Azərbaycan dövlətinin qadın
siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil
edir. Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola
malikdir. Harada qadın varsa, orada səliqə-sahman, nizam-intizam
var. Qadın həyatdır, indiki cəmiyyətdə də qadınsız təsəvvür etmək
mümkün deyil. - deyə İcra başçısı xüsusi
vurğulayıb.
Ətraflı çıxışında tarixə qısa ekskurs edən İcra
başçısı daha sonra bildirib ki, Azərbaycan qadınları tarixin bütün
dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi
göstərib, cəmiyyət həyatına mütəmadi nüfuz edərək öz milli
xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub
saxlayıb.
Rayon rəhbəri qeyd edib ki, Ümummilli lider Heydər
Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların
ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına
geniş yer verilib. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu
işlərinə cəlb olunur. Ümummilli Liderin bu siyasəti möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam
etdirilir. İcra başçısı sonda vurğulayıb ki, respublikamızın hər
yerində olduğu kimi, Masallıda da qadınlar rayonun ictimai-siyasi,
mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün
rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti,
quruculuq və abadlıq işlərinə öz töhfələrini
verirlər.
Sonra Rafil Hüseynov rayonun ictimai-siyasi və
mədəni həyatında fəal iştirakına və qazandıqları
uğurlara görə bir qrup qadına - Minəvyar Əzimova, Lətifə
Hüseynova, Gülnarə Məmmədova və Aysel Nərimanovaya Fəxri
fərman və qiymətli hədiyyələr təqdim
edib.
"Mövqe.az" saytının əməkdaşı Ə.Şükürovun xəbərində
deyilir ki, R.Əlihəsənov adına Masallı 1 saylı tam orta məktəbin
gənc müəllimi Kəmalə Bəşirova, Yelağac kənd məktəbinin direktoru
Sevil Ağammədova və başqaları rayonda gedən genişmiqyaslı işlərin
görülməsində və bayram münasibətilə onları təbrik etdiyinə
görə rayon rəhbərinə xoş arzularını
bildiriblər.
Sonra bədii hissədə rayon mədəniyyət işçilərinin
hazırladığı konsert proqramı təqdim olunub. Bayram süfrəsi
arxasında davam edən tədbirdə rayonun bədii özfəaliyyət
kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
İncəsənət ustalarının və bir qrup tanınmış musiqiçilərin ifa
etdikləri şən, oynaq musiqi nömrələri şənliyi daha da
rövnəqləndirib. "Ana" şeiri xüsusi alqış sədaları ilə
qarşılanıb:
Ürəyim, ciyərim, canımsan Ana,
Əbədi şöhrətim, şanımsan Ana.
Damarımdan axan qanımsan Ana,
Qəlbim səni gözlər, ruhum səni
izlər,
Könlüm səni istər, laylan övlada
qida,
Odur aləmə nida
Ana laylasıdır,
Ana laylasıdır
Ən həzin, kövrək səda.
Şirniyyat masası arxasında davam edən şənlik hamıya
gözəl ovqat, sevinc duyğuları bəxş edib.