"Azərsun Holdinq"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov jurnalistlərə açıqlamasında belə bir halın olmasını qeyri-mümkün hesab etdiyini və baş verənləri təxribat olduğunu söyləyib: "Südün doldurulması avtomatik qaydada həyata keçirilir. Bir qrup var ki, bizim məhsullara qarşı təxribat aparırlar. Şüşə qab avtomatik dolum xəttinə girir, orada başı aşağı çevrilir, buxardan keçirilir, yenidən gəlir sistemə. Onun içərisində yad əşyanın qalmaması üçün yüksək təzyiqli su ilə yuyulur və avtomatik doluma gedir. Plastik qapağı atıb içərisində şüşə atmaq bəsitdir".
Yayımlanmış "Azərsun Holdinq"ə məxsus "AzərSüd" məhsulunun içindən şüşə qırıntılarının çıxması barədə xəbəri daha dəqiq araşdırmaq üçün portalın əməkdaşıı adıçəkilən məhsulun istehsal olunduğu Kürdəmir Süd Emalı Zavodda olub. Müəssisə ilə tanışlıq zamanı məlum olub ki, "AzərSüd" məhsulunun istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Həmçinin ən yüksək gigiyenik tələblərə uyğun olaraq hazırlanan "AzərSüd" barədə məlumatların tamamilə həqiqətdən uzaq, "Azərsun Holdinq" məhsullarına qarşı qarayaxma aksiyası olduğu üzə çıxıb. Çox üzücü haldır ki, Milli.Az portalı bu hadisədə bilmədən vasitəçi rolunu oynayıb. Bu xoşagəlməz olayda iştirak etdiyimizdən və portalımızda yanlış məlumatın yayımlanmasından təəssüf hissi keçiririk və bütün oxucularımızı son texnologiyalarla hazırlanan və 100 faiz təbii olan "AzərSüd"dən istifadə etməyə dəvət edirik.