Ermənistan Azərbaycanla dövlət sərhədində snayperlərin sayını artırıb
10 Avqust 2012 14:43 (UTC+04:00)
Ermənistan Azərbaycanla dövlət
sərhədində snayperlərin sayını artırıb. Bu
barədə APA-ya Azərbaycan
Ordusundakı hərbi mənbələrdən məlumat verilib. Azərbaycan
tərəfinin müxtəlif kanallar vasitəsi ilə əldə etdiyi məlumata görə,
müdafiə naziri Seyran Ohanyanın əmri ilə son həftə ərzində
Ermənistan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrindən dövlət
sərhədindəki mövqelərə xeyli sayda snayperlər transfer olunub. Son
günlərdə dövlət sərhədində ilk dəfə olaraq Azərbaycan mövqelərinə
12,5 mm çaplı snayper tüfənglərindən atəşlərin açılması faktları
qeydə alınmaqdadır.
Avqustun 7-də S. Ohanyan dövlət sərhədindəki hərbi birliklərin
mövqelərində aparılan möhkəmləndirmə işləri ilə tanış olarkən ön
xəttə yeni göndərilmiş snayperlərlə görüşüb, onlara qarşı tərəfi
maksimum şəkildə neytrallaşdırmaq təlimatı verib.