Soydaşlarımız bizneslərini Ukraynadan kənara çıxarır

13 Mart 2015 23:00 (UTC+04:00)

Ukraynada cərəyan edən məlum hadisələr burada yaaşyan, müxtəlif fəaliyyət növləri ilə məşğul olan sodaşlarımıza da ciddi surətdə təsir göstərməkdə davam edir. Xüsusən də azərbaycanlı iş adamları daha böyük təhdidlərlə üzləşir. Elə son məlumatlara görə, Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç şəhərində azərbaycanlı iş adamı öldürülüb. Qətlə yetirilən şəxs Ukrayna vətəndaşı, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinovdur.

Martın 11-də axşam saatlarında R. Şirinovun separatçı "Luqansk Xalq Respublikası"nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlayıblar. Quldurlar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar.

Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılıb. O, başından aldığı güllə yarası nəticəsində ölüb.

Bu hadisə son aylar Ukraynanın şərq əyalətlərində baş verən yeganə hadisə deyil. Burada hərbi əməliyyatların getdiyi qızğın vaxtlarda da bir neçə azərbaycanlı iş adamı separatçıların nəzarətində olan ərazilərdə girov götürülüb, bəziləri qətlə yetirilib. Belə vəziyyət ondan xəbər verir ki, sahibkarlıqla məşğul olan soydaşlarımızın sözügedən ərazilərdə qalaraq biznes fəaliyyəti göstərmələri artıq onlar üçün olduqca təhlükəlidir. Çünki, baş verən olaylar separatçıların nəzarəti altında olan ərazilərdə soydaşlarımızın təhlükəsizliyinə təminatın olmadığını göstərir. Belə olan halda gözlənilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan soydaşlarımız öz fəaliyyətlərini qonşu ölkələrə keçirsin, Vətənə qayıdaraq işlərini ölkəmizdə görsün. Ukraynanın Kiyevin nəzarətində olan ərazilərinə gəldikdə, hazırda burada iqtisadi vəziyyət getdikcə pisləşdiyindən belə yerlərdəki soydaşlarımızın da bizneslərini başqa ölkələrə köçürmələri gözlənilir.

Ekspert Azər Allahverənovun fikrincə, Donbasda yaşayan azərbaycanlı biznesmenlər təhlükə fonunda fəaliyyətlərini daha çox Türkiyəyə keçirə bilərlər və keçirirlər: "Ukraynanın şərqində hərbi münaqişə bildiyimiz kimi, özünün eskalasiya dövrünü yaşayır. Burada belə demək mümkünsə, atəşkəs razılığı əldə olunduqdan sonra da, gərgin vəziyyət yaşanır. Ara-sıra hərbi əməliyyatların da şahidi olmaqda davam edirik. Belədə, hələ də orada yaşayan mülki insanlar daim təhlükə altında qalmaqdadırlar. Miqrantlar əhalinin digər kateqoriyasından fərqli olaraq, olduqları yerləri tərk etmək nöqteyi-nəzərdən daha sərbəst olurlar. Amma orada qeydiyyatda olan insanlar üçün hazırkı situasiyada belə ərazini tərk etmək bir qədər çətin olur. Çünki, ortalıqda mülklərinin itirilməsi məsələsi var. Ona görə də onlar hərbi əməliyyatların səngiməsini gözləməyə daha çox üstünlük verir. Hadisələr isə onu göstərir ki, Minskidə saziş imzalanmasına baxmayaraq, hərbi əməliyyatların real olaraq səngiməsindən danışmaq hələ tezdir. Habelə iqtisadi, humanitar böhran, bundan başqa, separatçıların yerli əhaliyə qarşı müxtəlif zorakılıq aktları şübhəsiz ki, orada yaşayan insanların hamısını, o cümlədən Ukrayna vətəndaşı olaraq burada yaşayan soydaşlarımızı da seçim qarşısında qoyur. Belə bir vəziyyətdə onların da çıxış yolları məhz yaşadıqları əraziləri tərk etməkdir. Kimin biznesi, müəyyən kapital qoyuluşu, sərmayəsi var, onlar isə tez bir zamanda bunları dövriyyədən çıxara bilmirlər. Eyni zamanda, itirmək də istəmirlər və belədə təhlükəli ərazilərdə qalmaqda davam edirlər. Nəticədə soydaşlarımıza qarşı müəyyən xoşagəlməz hadisələrin baş verdiyini kütləvi informasiya vasitələrindn görür, eşidirik. Müəyyən ərazilər bilavasitə separatçıların nəzarəti altında olduğundan bir çox informasiyaları əldə etmək demək olar, çox çətindir. Normal informasiya mübadiləsi aparmaq mümkün deyil, bir çox məlumatlar da separatçıların filtrlərindən çıxır. Onlar çalışırlar ki, insanları bir növ sərt nəzarət altında saxlasın. Bu da təbii ki, xoşagəlməz halların yaşanmasına gətirib çıxarır. Amma buna baxmayaraq, hansısa informasiya sızır. Belə vəziyyətdə miqrant azərbaycanlılar ərazini daha sərbəst şəkildə tərk edə bilir və tərk edirlər də. Miqrantların çoxu da Donetksk və Luqanskı tərk edib. Lakin orada yaşayan yerli vətəndaşlar olan azərbaycanlılar üçün qərar vermək bir qədər çətindir. Bununla belə, o da bəllidir ki, onların müəyyən qismi artıq Ukrayna istiqamətində hərəkət etmiş və ölkənin digər vilayətlərində məskunlaşmağa çalışmışlar. Müəyyən bir qisminin isə həmin təhlükəli ərazilərdə qaldığı da bəllidir. Gedənlərin və yaxud bu gündən sonra getmək istəyənlərin hara üz tutucaqları xətlər də bəllidir. Burada üç xətt var. Onlar ya Rusiyaya, ya Ukraynanın digər vilayətlərinə, ya da Azərbaycana üz tuta bilərlər. Hətta Belarusa gednlər haqqında da informasiya var. Rusiyada da hazırda vəziyyət o qədər ürəkaçan deyil. Bu baxımdan da Türkiyə daha məqbul variant sayılır. Bu gün Türkiyədə məskunlaşan Ukraynadan olan azərbaycanlıların sayı artır. Kapital olmayan, gündəlik əmək fəaliyyətilə məşğul olan soydaşlarımız isə fəaliyyətlərini Rusiya, Ukraynanın digər yerləri, Azərbaycanda da həyata keçirə bilərlər. Burada Azərbaycana son təyinat nöqtəsi kimi baxmaq olar".