Azərbaycanda rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilir
15 Mart 2015 17:09 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu
gün 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza
ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması
məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini
keçirir.
Movqe.az xəbər verir ki , Komissiyadan
verilən məlumata görə, birinci mərhələdə namizədlərə baza ali
tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında
baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test
tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar
namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının
cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Rezidentura səviyyəsinə qəbul imtahanının II
mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın
birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər
buraxılır.
İmtahanda iştirak etmək üçün internet vasitəsilə
1245 nəfər namizəd elektron ərizəni dolduraraq təsdiq edib.
Onlardan 913 nəfəri qız, 332 nəfəri isə oğlandır. 1050 namizəd
Azərbaycan bölməsinin, 195 namizəd rus bölməsinin, 552 namizəd cari
ilin, 693 namizəd isə əvvəlki illərin məzunudur.
Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32
namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə
olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi
ayrılıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin
Hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul
imtahanının hər iki mərhələsi 2015-ci ilin iyul ayında
keçiriləcək.