Heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz

11 Avqust 2012 08:25 (UTC+04:00)

"Azərbaycan bir dövlət olaraq öz müstəqil daxili və xarici siyasətini yeritməkdə israrlıdır". Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan müxtəlif istiqamətlərdən olan bütün açıq-gizli təzyiq və təhdidlərə baxmayaraq, bundan sonra da bu siyasətini ardıcıl, dönməz şəkildə davam etdirəcək.

B. Muradova onu da qeyd edib ki, Azərbaycan həmçinin, heç bir təzyiqə fikir vermədən ona yönələn istənilən təzyiqin qarşısını almaq iqtidarını növbəti dəfə ortaya qoyacaq, nümayiş etdirəcək: "Bildiyiniz kimi, Azərbaycan cəmi bir neçə ay öncə nüfuzlu "Eurovision-2012" beynəlxalq mahnı yarışmasına ev sahibliyi etdi. Ancaq bu yarışmaya başlandığı andan sona qədər üzərinə düşən vəzifələri, öhdəlikləri layiqincə yerinə yetirməsi, bu çərçivədə ölkəmizə yönəlik münasibətlərə adekvat qiymət vermək bacarığını nümayiş etdirməsi, eləcə də, bu zəmində Azərbaycandan daha başqa gözləntiləri olanların arzularını gözündə qoyması onu bir daha sübut etdi ki, heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz. Azərbaycan eyni zamanda nümayiş etdirdi ki, öz müstəqil siyasətini davam etdirməkdə daim israrlıdır və israrlı olacaq".