“İrəliyə getmək üçün hər bir ölkə öz yolunu seçməlidir”

11 Avqust 2012 08:27 (UTC+04:00)

İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosial yönümlülüyün üstünlük təşkil etməsidir. Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Bunu mətbuata açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə dilə gətirib.

Onun dediyinə görə, müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan verib.

Z.Səmədzadənin sözlərinə görə, ötən il ərzində əhalinin gəlirlərinin və əsasən daxili investisiyalar hesabına iqtisadiyyata qoyulan investisiyaların artması, eyni zamanda, tədricən yaxşılaşan qlobal iqtisadi mühit, yəni ixrac qiymətlərinin idxal qiymətlərinə nisbətən daha çox yüksəlməsi ÜDM-in tələb komponentlərində canlanmaya səbəb olub.

Millət vəkili eyni zamanda bildirib ki, son 10 ildə dövlət büdcəsinin gəlir və xərcləri 20 dəfədən çox artıb, büdcə xərclərinin strukturunda mütərəqqi proseslər baş verib.

O, həmçinin deyib ki, sosial təyinatlı proqramların maliyyələşməsi ilə bərabər, dövlət büdcəsindən investisiya yönümlü tədbirlərə ildən-ilə daha çox vəsait ayrılır:

"Sosial sahədə mövcud problemlərin, o cümlədən, yoxsulluğun azaldılmasını nəzərdə tutan Dövlət Proqramlarına uyğun olaraq əhalinin torpaqdan, su ehtiyatlarından istifadə etməsi, yeni iş yerlərinin yaradılması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariya və gigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədi ilə 225-dən çox tədbir həyata keçirilib.

Bu mənada regionlarda yeni infrastrukturların yaradılmasını, inkişafı özündə ehtiva edən dövlət proqramlarının xüsusi əhəmiyyəti var.

Ümumiyyətlə, inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Ölkə Prezidentinin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin iqtisadi qüdrəti artmalı, xalqın rifahı yaxşılaşmalıdır.

İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə edib, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib".