Nəqliyyat Nazirliyindən ürək ağrıdan STATİSTİKA

11 Avqust 2012 20:03 (UTC+04:00)
Avtobuslar 12 nəfərin həyatına son qoyub

2012-ci ilin 6 ayı ərzində Bakıda sərnişin avtobuslarının törətdiyi qəzalar nəticəsində 12 nəfər ölüb. Lent.az-ın məlumatına görə, bu barədə nəqliyyat sektorunda 2012-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlərin nəticələri haqqında hazırlanmış arayışda qeyd olunub. 

Məlumata görə, ilin ilk yarısında Bakı şəhəri üzrə sərnişin daşımalarında iştirak edən avtobuslarla 29 yol-nəqliyyat hadisəsi (YNH) törədilib. Nəticədə 12 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişindaşımalarda baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 11 hadisə, yaxud 27,5% azalıb, hadisə nəticəsində ölənlərin sayı isə 5 nəfər, yaxud 71,4% artıb. Yaralananların sayında 4 nəfər, yaxud 9,3% azalma qeydə alınıb.

Hesabat dövründə nəqliyyatda hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə müvafiq tədbirlər davam etdirilib. Görülən tədbirlərə baxmayaraq təhlükəsizliklə bağlı vəziyyət qaneedici deyil. 2012-ci ilin 6 ayı ərzində respublika ərazisində Bakı şəhəri istisna olmaqla sərnişin və yük daşımada 110 yol-nəqliyyat hadisəsi baş verib ki, hadisə nəticəsində 55 nəfər həlak olub, 115 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Baş vermiş yol-nəqliyyat hadisələri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 yol nəqliyyat hadisəsi, yaxud 12,24 % artıb. Hadisələr nəticəsində ölənlərin sayı 17 nəfər, yaxud 53,12% artıb. Xəsarət alanların sayı isə 14 nəfər, yaxud 14,58% azalıb.