Azərbaycan London Olimpiadasında ilk qızıl medalını qazanıb
12 Avqust 2012 11:14 (UTC+04:00)
London Olimpiadasında sərbəst güləş
üzrə 60 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov
çempion olub. "Apasport" saytının məlumatına görə, 19 yaşlı T.
Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb.
İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu
B. Kuduxovu ilk hissədə 1:0 məğlub edib. Ardınca rusiyalı idmançı
bunun revanşını almaq istəsə də, Əsgərov onu peşman edib. İkinci
hissədə Toğrul B. Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o,
Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk
mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim
Şleyherlə qarşılaşıb.
Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0
hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün
uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib
və 1/4 finala yüksəlib.
Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya
təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün
olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.
Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə
gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə
1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala
yüksəlib.