Avtomobil idxalında “sərt əyləc”

17 Mart 2015 11:00 (UTC+04:00)

Azərbaycana avtomobil idxalında "sərt əyləc" basılıb. Movqe.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin Yanvar-Fevral ayları ərzində Azərbaycana 7511 ədəd avtomobil idxal olunmuşdur. Bu da, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5651 ədəd və ya 43% azdır.


CƏMİ 3421 ƏDƏD AVTOMOBİL GƏTİRİLİB


2015-cü ilin Yanvar ayında ölkəmizə 4090 ədəd, Fevral ayında isə 3421 ədəd avtomobil idxal olunmuşdur. Avtomobil idxalı Yanvar ayı ilə müqayisədə Fevralda 16,4% azalıb.


2015-ci ilin Yanvar-Fevral ayları ərzində 119 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 7031 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 339 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 22 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunmuşdur.


MİNİK AVTOMOBİLLƏRİNİN İDXALI 40%-dən ÇOX AZALIB


2015-ci ilin Yanvar-Fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 4967 ədəd və ya 41,4% azalıb.


2015-ci ilin Yanvar ayında 3870, Fevral ayında isə 3161 ədəd minik avtomobili idxal olunub.


YÜK AVTOMOBİLLƏRİNİN İDXALI 3 DƏFƏ AZALIB


Yanvar-Fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı isə 3 dəfə azalaraq 339 ədəd təşkil edib. Ötən ilin ilk iki ayında 1029 ədəd yük avtomobili idxal olunmuşdu.


YEGANƏ ARTAN AVTOBUS İDXALIDIR


Yanvar-Fevral aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə avtobusların idxalı isə 2 dəfədən çox artaraq 119 ədəd təşkil edib. Avtobus idxalının artması Avropa Oyunları ilə əlaqədar olaraq avtobusların alınması ilə bağlıdır.


NƏ ÜÇÜN AZALIR?


Qeyd edək ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi və aksiz vergisinin dərəcələrinin artırılması ilə bağlıdır.


DƏYƏRİ YARIM MİLYARD DOLLARDAN ÇOXDUR


Maraqlısı budur ki, say baxımından avtomobil idxalı azalsa da, dəyər baxımından 5 dəfə artıb. Əgər ötən ilin Yanvar-Fevral aylarında nəqliyyat vasitələri və onların hissələrinin dəyəri 108,16 milyon dollar təşkil etmişdirsə, cari ilin eyni dövründə bu rəqəm 534,8 milyon dollar təşkil edib. Halbuki, idxal 13 162 ədəddən 7511 ədədə geriləmişdir.


Ölkəmizə 2012-ci ildə 101 255 ədəd, 2013-cü ildə isə 104385, 2014-cü ildə 63368 ədəd avtomobil idxal olunmuşdur.