London olimpiadası rəsmən başa çatdı - FOTOLAR
13 Avqust 2012 12:40 (UTC+04:00)
2012-ci il London Yay Olimpiya Oyunları rəsmən
başa çatıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə Böyük
Britaniya paytaxtındakı Olimpiya stadionunda bağlanış mərasimi
təşkil olunub.
Mərasim zamanı "Muse", "Spice Girls", "Beady Eye",
gitaraçı Brayan Mey və digərləri çıxış ediblər. Bağlanışın əsas
mövzusu Britaniya musiqisi olub. Tədbirin sonunda olimpiya məşəli
söndürülüb və ardından "The Who" qrupu çıxış
edib.
Olimpiada iyulun 27-dən avqustun 12-dək davam
edib. Qeyri-rəsmi komanda hesabında ABŞ 46 qızıl, 29 gümüş, 29
bürünc medalla birinci yeri tutub. İkinci yerə 38 qızıl, 27 gümüş,
22 bürünc medalla Çin, üçüncü yerə 29 qızıl, 16 gümüş, 19 bürünc
medalla Böyük Britaniya layiq görülüb. Azərbaycan isə 2 qızıl, 2
gümüş, 6 bürünc medalla 30-cu olub.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil ediləcək.
Bağlanış mərasimi zamanı London meri Boris Conson olimpiya
bayrağını Rio merinə təslim edib.