Azərbaycan prezidenti koreyalı səfiri qəbul edib

13 Avqust 2012 19:13 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib.

Koreyaya son səfərini xatırlayan prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu deyib və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi yüksək nəticələrə görə dövlət başçısını təbrik edib.
Koreyalı diplomat ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Azərbaycanla Koreya arasında əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayan Lee Ci Han bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.