Ukrayna Ermənistana gizli silah satır
14 Avqust 2012 11:43 (UTC+04:00)
Ukrayna gizli yolla Ermənistana
reaktiv yaylım atəş sistemi və daşınan zenit-raket kompleksi satışı
həyata keçirir. APA-nın məlumatına
görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi,
general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə
ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan
"Ukrspesexport" Dövlət Müəssisəsi ilə Ermənistanın "DG Arms
Corporation" şirkəti arasında "Smerç" reaktiv yaylım atəş sistemi,
onun raketləri (12 ədəd) və "İqla" tipli 50 ədəd portativ
zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün
MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan
istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini
ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd
olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və
enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspesexport"a
"Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə
imtina etmək, Ermənistan şirkətinə isə "öz ətrafında etibarsız
təchizatçı" kimi "Ukrspesexport"un rəhbərliyi və Ukrayna tərəfi
arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan
müraciət etmək təklif olunub.
Məlumatda həmçinin "Smerç"lərin saxta firmaların vasitəsi ilə
Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə
dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar
dəyişdirilməli, faktın üstü açılacağı halda "İqla" zenit
komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki
anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Ukrayna Müdafiə Nazirliyinin Mətbuat və KİV-lə əlaqələr
Departamentinin direktor müavini Valeri Korol
məsələni APA-ya şərh etmək
istəməyib.