BBC: Bakı nefti tarixin gedişatını necə dəyişdi
22 Mart 2015 15:03 (UTC+04:00)
BBC telekanalında Azərbaycanda neft istehsalının tarixinə həsr
edilmiş süjet yayımlanıb.
Movqe.Az AZƏRTAC-a istinadən xəbər verir ki, süjetdə Bakı
neftinin hələ Birinci Dünya müharibəsi illərdə oynadığı rola diqqət
yönəldilir və bildirilir ki, dünyanın aparıcı ölkələri məhz "qara
qızıl"a görə Bakı sahillərinə can atırdı.
"Bu yerlər neftlə zəngindir. 1900-cu ildə dünya neftinin yarısı
Bakıda hasil olunurdu. Dünyanın hər yerindən neft bumu insanları
bura cəlb edirdi", - deyə süjetdə vurğulanır. Həmçinin qeyd olunur
ki, Bakıya üz tutmuş insanlar arasında Nobel və Rotşild qardaşları
kimi məşhur şəxslər olub. Bakı o illərdə müxtəlif din və
millətlərin cəmləşdiyi bir şəhərə çevrilmişdi. Bu şəhər yeni
texnologiyalar sayəsində strateji bir məkan olmuşdu.
Süjetdə bildirilir ki, XIX əsrin ortalarına qədər neft əsasən
məişətdə və təbabətdə işlədilirdi. Sonradan isə neft sənayedə geniş
istifadə olunmağa başlandı. Müəllif 1918-ci ildə Bakı uğrunda
mübarizəyə dünyanın aparıcı ölkələrinin qoşulduğunu bildirir. Həmin
il Azərbaycan müstəqil oldu və bu suverenlik iki il davam etdi.
Lakin 1920-ci ildə Bakı nefti sovetlərin əlinə keçdi. "100 il
bundan əvvəl burada baş verən hadisələr müharibələrin aparılması
qaydalarını və məqsədlərini dəyişərək tarixin gedişatında dönüş
nöqtəsi oldu", - deyə süjetdə qeyd olunur.