Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin toplantısı keçirilir
14 Avqust 2012 18:01 (UTC+04:00)
Bu gün Bakıda işə başlayan Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin 2-ci
görüşündə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri
müzakirə olunur.
"APA-ECONOMICS"in məlumatına
görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın
dövlət və özəl sektoru təmsil edən 100-dən çox nümayəndəsi, Şuranın
baş katibi Xəlil Akınçı iştirak edirlər.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin
Mustafayev bildirib ki, Bakı görüşü Bişkek Zirvə Görüşünə hazırlıq
çərçivəsində təşkil edilib. Ş.Mustafayev bəyan edib ki, Şuraya üzv
olan ölkələrin məcmu ÜDM-i 1 trln. dollara bərabərdir, ölkələr
arasında ticarət dövriyyəsi bu ilin 6 ayı ərzində illik müqayisədə
35%, ötən il isə 55,5% artıb.
Ş.Mustafayev həmçinin Azərbaycan iqtisadiyyatı barədə ətraflı
məlumat verib, regionda neft-qaz və nəqliyyat sahəsində həyata
keçirilən iri layihələri vurğulayıb və bildirib ki, bu layihələr
iqtisadi əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayır.
Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitjan Sagintayev
bildirib ki, nazirlərin görüşünə hazırlıq çərçivəsində keçirilən
Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarında qeyd olunub ki,
sahibkarlıq, ticarət, nəqliyyat və digər iqtisadi sahələrdə
maneələrin aradan qaldırılması istiqamətində işlər görülür.
B.Sagintayev xüsusən vurğulayıb ki, əlaqələrin inkişafı üçün
dövlətlər böyük potensiala malikdir.
Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir
Sarıyev isə qeyd edib ki, Qırğızıstan Türkdilli Ölkələrin İnkişaf
Fondunun yaradılmasını dəstəkləyir və hesab edir ki, bu Fond
ölkələrə birbaşa investisiya yatırmaqla iqtisadi əməkdaşlığı daha
da gücləndirəcək.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan isə öz çıxışında
Şuraya üzv olan ölkələr çərçivəsində İnvestisiya Agentliyinin
yaradılmasının mümkünlüyü və məqsədəuyğunluğu bildirib və qeyd edib
ki, bu qurum ölkələr arasında qarşılıqlı investisiyaların
inkişafında dəstək olacaq.
Şuranın baş katibi Xəlil Akınçı isə qeyd edib ki, Bakıda keçirilən
görüşdə Şuraya daxil olan ölkələr arasında nəqliyyat sektorunda
əlaqələrin yaxşılaşdırılması, milli iqtisadiyyatların
diversifikasiyası, qarşılıqlı investisiyalar və digər ölkələrdən
investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunacaq.
Sadalanan məsələlərə bağlı təkliflər hazırlanacaq və Bişkek Zirvə
Görüşündə prezidentlər səviyyəsində müzakirəyə və qəbul olunmaq
üçün çıxarılacaq.
Qeyd edək ki, Bişkek Zirvə Görüşü avqustun 23-də keçiriləcək.
Avqustun 22-nə isə 4 ölkənin xarici işlər nazirlərinin görüşü
nəzərdə tutulub.