Cəbhədə ağır silahlar işə düşür

30 Mart 2015 04:00 (UTC+04:00)

Xəbər verildiyi kimi, Ermənistan ordusu martın 19-da təmas xəttində diversiya həmləsinə cəhd edib. Lakin Azərbaycan silahlı qüvvələri bu həmlənin qarşısını qətiyyətlə alıb və nəticədə düşən 20-yə qədər əsgər-zabitini itirərək, geri otuzdurulub. Bu fonda yayılan məlumatlardan belə bəlli olur ki, atəşkəsi pozan ermənilər müxtəlif çaplı minaatanlardan istifadə edirlər. Azərbaycan tərəfi də bu fonda düşmənə adekvat cavab vermək məcburiyyətində qalır. Hətta məlumatlara görə, cəbhə zonasında 60, 82 və 120 millimetrlik minatanalardan belə istifadə olunur. Proses ondan xəbər verir ki, bu gedişlə digər artilleriya silahları da işə salına bilər. Maraq doğuran odur ki, bu vəziyyət müharibənin yenidən başlamasına keçid sayıla bilərmi?

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, yaxın zamanlarda Azərbaycan torpaqların azad edilməsi üçün daha sərt addımlar ata bilər: "İri çaplı minaatanlardan istifadə olunması halları daha çox erməni tərəfinin hərəkətlərindən qaynaqlanır. Ermənilər hər vəchlə çalışırlar ki, atəşkəs rejimi pozulsun. Azərbaycan tərəfi də məcbur olaraq onlara cavab atəşi açır. Əvvəllər atəşkəsin pozulması zamanı yanlız avtomat və pulemyotlardan istifadə olunurdu. Son günlər isə ağır silahlar olan minaatan və qumbaraatanlardan istifadə edilir.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, düşmənin istənilən həmləsinin qarşısı alınacaq. Düşmən addım atmamışdan qabaq düşünməlidir ki, Azərbaycan onun təxribatçı hərəkətlərini cavabsız qoymayacaq. Ölkəmiz dəfələrlə bəyan edib ki, düşmənin istənilən həmləsinə ən sərt şəkildə cavab verəcək. Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı evləri, əkin sahələrini daim atəşə tuturlar. Amma sonra da şikayətlənirlər ki, Azərbaycan tərəfi onlara minaatanlardan atəş açıb. Azərbaycan indiyə qədər ancaq cavab atəşi ilə düşməni susdurub. Bundan sonra da ən sərt formada düşmənə cavab verəcək. İlk həmlədən düşmən qüvvələrinin 70 faizinin sıradan çıxarılacağı xəbərdarlığı da elə belə xəbərdarlıq deyil. Düşmən onu bilməlidir ki, yaxın zamanlarda Azərbaycan tərəfi daha sərt addımlar atmağa məcbur olacaq. Amma genişmiqyaslı döyüş əməliyyatlarının başlanacağını düşünmürəm. Olsa-olsa lokal xarakterli, qısa müddətli toqquşmalar ola bilər. Ermənilər öz vəziyyətlərinin nə yerdə olduğunu gözəl bilirlər".

Millət vəkili Elman Məmmədov da qeyd etdi ki, istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik: "Guya ki, 1994-cü ildən atəşkəs elan olunub. Ancaq əslində, sözün həqiqi mənasında, müharibə bir an da olsun dayanmayıb. Xüsusən də müəyyən dövrdə düşmənin fəallaşması özünü göstərib. Bu da Azərbaycanın mühüm bir beynəlxalq tədbiri keçirmək ərəfəsində özünü daha çox göstərib. Həmçinin, beynəlxalq aləmdə müəyyən gərginlik yarananda həmişə Ermənistanın cəbhə zonasında fəallaşması özünü göstərib. Hazırda Azərbaycan Avropa Yay Oyunları ərəfəsindədir. Bu tədbirin pozulması, ona maneələr törədilməsi üçün də ermənilər can-fəşanlıq edir, təxribatlara gedirlər. Ancaq həmişə də cavablarını artıqlaması ilə alıb və alırlar. Məsələ ondadır ki, Ermənistanın atdığı bu addımlar onun sərbəst hərəkəti deyil. Çünki, atılan hər bir güllə, əsgərin səngərdə dayanması maliyyə vəsaiti ilə bağlıdır. Bu gün iqtisadiyyatı dağılan, dilənçi vəziyyətində olan Ermənistanda həmin lazımi maliyyə yoxdur. Deməli, Ermənistan ordusu kənar qüvvələr tərəfindən saxlanılır ki, onlar da bu qədər təxribatlara yol verirlər. Təbii ki, burada maraqlı qüvvələrin kimliyi də məlumdur. Cəbhə bölgəsində törədilən təxribatların əksər hissəsi bu gün Azərbaycanın işğal altında olan əraziləri ətrafında deyil, Ermənistan-Azərbaycan sərhədlərində, Qazax-Tovuz-Gədəbəy istiqamətlərində baş verir. Bildiyimiz kimi, Ermənistan Rusiyanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də, qəsdən sərhəd bölgəsində təxribatlar törətməklə, təşkilata üzv dövlətləri köməyə çağırmağı düşünürlər. Ancaq Qazaxıstan bu müstəvidə Ermənistanın cavabını verdi. Rusiya da bir dəfə bildirdi ki, bu məsələyə qarışmırlar. Cəbhə zonasında iri çaplı minaatanlardan istifadə olunması, prosesin müharibəyə hər an çevrilə biləcəyi ehtimalını artırır. Düşmən həyasızlığından, təxribatından əl çəkmir. Müharibə də Azərbaycan ərazisində gedir. Azərbaycan öz ərazisində sona qədər təkcə qorunmaq, müdafiə olunmaqla məşğul olmayacaq. Təbii ki, ərazilərini işğaldan azad etmək üçün də tədbirlər görəcək. Belə halda da hərbi gücdən daha geniş miqyasda istifadə olunacaq. Bu gün Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən nəhayət ki, işğal etdiyi ərazilərdən çəkilmək məcburiyyətində qalacaq. Doğrudur, müharibə arzuolunmazdır. Amma müharibə fəlakət, dağıntı gətirsə də, ancaq torpağın hər bir qarışını işğaldan azad etmək üçün bütün məhrumiyyət və əzab-əziyyətlərə dözməyə dəyər. Cənab Prezident həmişə çıxışlarında bəyan edir ki, Azərbaycan sülhün, danışıqların tərəfdarıdır. Ancaq sülh danışıqları imitasiya rolunu oynayanda, Azərbaycan torpaqlarını istənilən vasitə ilə, o cümlədən hərbi güc tətbiq etməklə işğaldan azad edəcək. Torpaqları işğaldan azad etmək üçün müharibə etməkdən çəkinmirik, buna hər an hazırıq. Beynəlxalq təşkilatlara müraciət edərək deyirik ki, bizi son varianta əl atmağa məcbur etməyin. Bunun üçün onlar fəaliyyət göstərməli, təcavüzkarın tərəfində durmamalıdır, ədalətli olmalıdırlar ki, müharibə olmasın. Əks təqdirdə, torpaqlarımızı istənilən yolla işğaldan azad edəcəyik".