Satış mərkəzlərində saxta qızıl təhdidi

31 Mart 2015 07:02 (UTC+04:00)

Zərgərlik mağazalarında aparılan müşahidələr qızılın bahalaşmaqda olduğunu göstərir. Adətən, qızılın bahalaşması fonunda bazarda saxta qızıl satışına cəhdlərin çoxalması hallarına da rast gəlinir. Bu fonda, hazırkı situasiyada anoloji halın yenidən özünü göstərəcəyini gözləmək olarmı? Ümumiyyətlə, saxta qızıl satışının qarşısı necə alınmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, qızılın bahalaşması manatın devalvasiyasının nəticəsidir: "Azərbaycanda qızılın qiymətinin artması əslində, manatın məzənnəsinin yumşalması ilə bağlıdır. Azərbaycanda bildiyimiz kimi, qızıl manatla təklif olunur. Ona görə də manatın devalvasiyasından sonra qızılın qiymətində də artımlar müşahidə edilir. Əslində isə, dünya bazarında qızılın qiymətində azalmalar baş verir. Son bir ildə dünya bazarında qızılın qiyməti 7 faizə yaxın, son 6 ayda isə 2 faiz aşağı düşüb. Aylıq yekunlar da neqativdir. Bir ay ərzində qızıl 1 faizlik dəyər itirib. Hazırda dünya bazarında qızılın bir qramının qiyməti 38 dollardır. Eyni zamanda, qızılın bir unsiyasının qiyməti dünya bazarında 1190 dollara təklif edilir. O baxımdan dünya bazarında qızılın qiymətində azalmalar davam edir. Bu da qızıla olan tələbatın azalması, əksinə, qızıl təklifinin yüksəlməsi ilə bağlıdır. Buna rəğmən, Azərbaycanda qızılın qiymətində artımlar var. Bu artım da manatın devalvasiyasından sonra ölkəyə dollarla gətirilən qızılın manat ifadəsində qiymətinin yüksəlməsi ilə əlaqədardır. Qızıl Azərbaycana daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, İtaliya və Rusiyadan gətirilir. Gətirilən bu məhsulda Türkiyə və Birləşmiş Ərəb Əmirliyinin payı isə daha çoxdur. Həmin ölkələrdən gətirilən qızıl da praktik olaraq, xarici valyuta ilə alınır. Belə olduğundan, qızılın qiymətində manatın devalvasiyasından sonra qiymət artımları baş verib".

Həmsöhbətimiz bu qənaətdədir ki, qızılın saxta olub-olmadığını yoxlamaq üçün xüsusi məntəqələr yaradılmalıdır: "Maliyyə Nazirliyinin apardığı rəsmi monitorinqlər də onu göstərir ki, qızılın qiymətində artım müşahidə edilən zaman saxta qızılların bazarda payı yüksəlir. Belə bir problemin aradan qaldırılması üçün Maliyyə Nazirliyi tərəfindən qızıl satılan məntəqələrdə saxta olub-olmamaqla bağlı xüsusi məntəqələrin yaradılmasını təklif edirik. Bu məntəqələr Maliyyə Nazirliyi tərəfindən yaradılır. Bu zaman qızıl alan şəxs rəsmi olaraq məntəqəyə müraciət etməklə qızılın saxta olub-olmadığını yoxlamaq imkanına malik olur. Belə vəziyyət birmənalı şəkildə imkan verir ki, yerində qızılın saxta olub-olmadığını yoxlamaq mümkün olsun".

Müstəqil ekspert Yaşar Əsədov isə qeyd edir: "Tarix spiral üzrə inkişaf edir. Hər şey sadəcə, təkrar olunur. Neftin qiymətinin düşməsi ilə qızılın qiyməti qalxır. Neftin qiyməti qalxır, qızılın qiyməti isə düşür. Aydın məsələdir ki, nə neftin, nə də qızılın hazırkı qiymətləri obyektivliyi əks etdirmir və bu qiymətlər bazar münasibətləri əsasında formalaşmır. Belə vəziyyətin yaranması bir oyundur. Qızılın bahalaşması ilə bazarda saxta əyarlı qızıl məmulatlarının çəkisinin artması da mümkündür. Onun qarşısını almaq üçün prosesə nəzarət edən orqanlar olmalıdır. Milli valyutadan sonra qızıl ən vacib amildir ki, onun üzərində ölkəyə gətirilərkən və satışı zamanı ciddi nəzarət olmalıdır. İnsanların fərd olaraq aldığı qızıl məhsulunu yoxlamaq, standarta uyğun olub-olmadığını aydınlaşdırmaq üçün böyük imkanları yoxdur. Prosesə sadəcə olaraq, aydiyyəti orqanlar nəzarət etməlidir".