Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) tələbə qəbulu elan edir. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, ərizələrinin qəbulu aprelin 1-dən aprelin 30-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup1_4,) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar. Virtual ödəmə kartını bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə və ya internet ödəmə xidmətləri vasitəsi ilə əldə etmək olar.
"Abituriyentin elektron ərizəsi" formasını doldurulduqdan sonra
ərizələrinin təsdiqi təmin edilməlidir. Azərbaycanın ümumi
təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən, ümumi
təhsil müəssisələrini 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən
qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü
və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və
ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron
ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən
özləri təsdiq edirlər.
Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron
ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. Həmin
abituriyentlər ərizələrini aprelin 7-dən aprelin
30-dək təsdiq edirlər. SQK-lar hər gün (şənbə, bazar və
bayram günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək fəaliyyət
göstərirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda
göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna
olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının
vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində
yaradılmış SQK-larda təsdiq etdirirlər. Gürcüstan Respublikasında
yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər
İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə
bilərlər.
Məlumat üçün bildirək ki, V ixtisas qrupu üzrə və tam orta təhsil
bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə
qəbulu may ayının 5-dən 18-dək aparılacaq. I, II, III və IV ixtisas
qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həm də
V ixtisas qrupuna və ya tam orta təhsil bazasında (11 illik) orta
ixtisas təhsili müəssisələrinə ərizə təqdim edə bilər.
Ərizə qəbulunun tam mətni, "Elektron ərizə" verən abituriyent üçün
təlimat, "Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi, xüsusi
təyinatlı ali təhsil müəssisələrinə ərizə qəbulu, xüsusi qabiliyyət
tələb edən ixtisaslara qəbul və digər zəruri məlumatlar
"Abituriyent" jurnalının 2-ci sayında təqdim olunub.