Türkiyədə terrorçuların girov götürdüyü prokurorla bağlı 5 tələb

31 Mart 2015 18:55 (UTC+04:00)
İstanbulun Çağlayan ədliyyə binasında DHKP-C terror təşkilatının 2 üzvü Berkin Elvan cinayəti üzrə istintaqı aparan prokuror Mehmet Səlim Kirazı girov götürüb. Prokuror binanın 6-cı mərtəbəsindəki otağında girov götürüb.Movqe.az-ın məlumatına görə, terror təşkilatı üzvləri bir anda otağa girərək prokuror M.S.Kiraza silah çəkiblər. Onun başına silah dirənmiş fotoları yayılıb. Təşkilat tələbləri yerinə yetirilmədiyi təqdirdə onu öldürəcəklərini bildirib.  Baş verən hadisədən sonra polis binanı mühasirəyə alıb. Giriş və çıxışlar tutulub. Ədliyyə binasına giriş tamamilə bağlanıb və bura xüsusi qrup göndərilib.
Prokuror Türkiyə vaxtı ilə saat 12.36 radələrində girov götürülüb. Saat 13.30-da təhlükəsizlik qüvvələri qapını məcbur açan zaman terrorçular 2 atəş açıblar. Buna görə geri çəkilən polis onları razı salmaq üçün səy göstərir. İddiaya görə, prokuror əvvəlcə katibi ilə birlikdə girov götürülüb. Prokurorun katibi bir müddət sonra sərbəst buraxılıb və o, təhlükəsizlik orqanlarına xəbər verib. Hazırda girovun azad olunması üçün tədbirlər davam edir.  Terror təşkilatı 5 tələbin yerinə yetirilməsi üçün saat 15.36-dək vaxt verib. Terror təşkilatı "Twitter"də hadisə ilə bağlı fotoşəkillər yayıb.Terrorçuların tələbləri isə ondan ibarətdir ki, Berkin Elvanı öldürən polislər TV-də günahlarını etiraf etməli və haqlarında cinayət işi açılmalı, bundan başqa, Berkin Elvan üçün təşkil olunan nümayişlərə qatılanlar haqqında açılan cinayət işləri ləğv edilməli və tutulanlar azad edilməlidir.

Prokuroru girov götürən terrorçular binadan təhlükəsiz şəkildə çıxmalarının təmin edilməsini tələb ediblər. Həmçinin onlarla əlaqə saxlayacaq vəkil və siyasətçilərdən ibarət bir heyətin yaradılmasını şərt olaraq irəli sürüblər.