Müxalifətin siyasi lider “defisit”i var

16 Avqust 2012 21:48 (UTC+04:00)

"Müxalifət düşərgəsi çilik-çilikdir. Orada bu gün 3 nəfəri bir yerə yığıb, nəyəsə inandırmaq olmaz artıq. Hamı bir-birinə nifrət edir. Hamı bir-birini satıb. Və ən nəhayət, həmin düşərgə nümayəndələri 20 ildən sonra öz liderlərini tanımaq "şərəfinə" nail olublar. Ya da tanımağa məcbur və ya məhkum olublar".

Bunu Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev SIA-ya müsahibəsində deyib: Gec də olsa, bu mənzərəni görüblər. Ortada, siyasətdə qövs kimi fırlananlarınsa nə biz tərəfə keçməyə üzləri var, nə də öz səhvlərini etiraf edəcək qədər cəsarətləri. Öz fanat təfəkkürləri ucbatından bütün körpüləri yandırıb, girinc qalıblar ortada.

Əli Kərimli də, İsa Qəmbər də sözün əsl mənasında, dolğun siyasi meyitlərdir. Onlar yox kimi bir şeydir. Həmin adamları buraxın prezidentliyə namizədliyə, hakimiyyətə, heç bir kilo sosiskanı belə paylaşa bilməzlər. İstəsələr belə, bunu bacarmazlar. Onların xislətləri budur. İçlərində daşıdıqları xislət parçalamaq, oyun pozmaq, iş əngəlləmək xislətidir. Həm də hər ikisində!

Müxalifətin siyasi lider "defisit"i var. O özünə yeni lider yetişdirməlidir. Bax, əgər bu, baş versə, siyasi münasibətlər yenidən özünün adrenalin mərhələsini bərpa edə biləcək.