İsmayıllı meşələri yanır: vertolyotlar qaldırıldı

16 Avqust 2012 20:12 (UTC+04:00)

Bu gün İsmayıllı rayonunda meşəlik ərazilərdə yanğın başlayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, təxminən, 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır. Yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd vertolyotu cəlb edilib. Hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülür.