“Dünyanın heç yerində meyitin müayinəsini daxili orqanların çıxarılaraq satılması kimi qələmə vermirlər”
16 Avqust 2012 20:37 (UTC+04:00)
"Avqustun 6-da Naxçıvandakı N saylı hərbi
hissədə hemorragik vaskulit xəstəliyindən vəfat edən əsgər Tayfur
Bəyovla bağlı yanlış məlumatlar meydana atıldıqdan sonra bəzi
"hərbi ekspertlər" və "yazarlar" dünyasını dəyişən əsgərlərin guya
daxili orqanlarının götürülməsi barədə mövzunu gündəmdən çıxarmaq
istəmirlər. Məlumat üçün bildirmək istəyirəm ki, istər mülkidə,
istərsə də hərbidə hər hansı ölümün səbəbini təyin etmək məqsədi
ilə meyit yarılır və onun daxili orqanlarından laborator müayinələr
üçün tikəciklər (histoloji, kimyəvi, bioloji, kriminalistik)
götürülür. Bu proses ölümün səbəbini tam dəqiqləşdirilməsi məqsədi
ilə hüquq mühafizə orqanlarının yazılı qərarı əsasında, video və
foto çəkiliş əsasında həyata keçirilir". Müdafiə Nazirliyinin
mətbuat xidmətindənAPA-ya verilən
məlumata görə, bunu nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji
Anatomiya Mərkəzinin rəisi, Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb
eksperti, tibb elmləri namizədi Rasim Əliyev bildirib.
Rasim Əliyev deyib ki, meyitin müayinəsində prokurorun və ya
müstəntiqin icazəsi ilə mərhumun valideynləri yaxud yaxın qohumları
iştirak edə bilərlər və əksər hallarda iştirak edirlər də: "İstər
xəstəlikdən, istərsə də zorakılıqdan ölüm hallarına görə meyit
yarılır. Ekspertizanın keçirilməsinə dair müvafiq təlimata əsasən
meyitin müayinəsi zamanı üç boşluq – kəllə boşluğu, döş boşluğu və
qarın boşluğu açılır. Həmin boşluqdakı orqanlar məhkəmə tibb
eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən
qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir. Sonra meyit
yuyulur və ağ mələfəyə bükülüb təmiz halda adiyyəti üzrə təhvil
verilir. Ümumiyyətlə, dünyanın hər yerində meyitin müayinəsi bu cür
aparılır və heç bir yerdə bizdəki kimi bunu daxili orqanların
çıxarılaraq satılması kimi qələmə verilməyə cəhd edilmir. Ən azı
ona görə ki, onlar ölmüş insanların toxumalarının da öldüyünü və
yararsız olduğunu bilirlər. Bizdəki "ekspertlər" və ya "yazarlar"
kimi öz savadsızlıqlarını nümayiş etdirmirlər".
Ekspert daha sonra bunları deyib: "Sifarişli şəkildə Müdafiə
Nazirliyinə qarşı aparılan bu çirkin kampaniyaya biganə qalmaq
fikrində deyilik. Təsəvvür edin, "hərbi ekspert" Ələkbər Məmmədov
iddia edir ki, əsgərlərin orqanlarının çıxarılması bəzi oliqarxlara
orqanların lazım olması ilə bağlıdır. Bu ittihamlarla bağlı mən
Ələkbər Məmmədovu məhkəməyə verməyi düşünürəm. Qoy dediklərini
sübut etsin".