Azərbaycanda 1-ci sinif dərslikləri tam yenilənib

17 Avqust 2012 15:52 (UTC+04:00)
"Qarşıdan gələn dərs ili üçün Azərbaycanda çap olunacaq yeni dərslik nüsxələrinin sayı 4 milyondan çox olacaq".

APA-nın məlumatına görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov YAP-ın saytına müsahibəsində deyib. Nazir müavini bildirib ki, çap olunacaq 4 milyondan çox nüsxənin 2 milyonu I-V siniflərə aid olan dərsliklərdir: "Artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır. Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunmuşdular. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır". 

Q. Novruzovun sözlərinə görə, yeni kurrikulum əsasında yenidən çap olunan 1-ci sinif dərslikləri tamamilə yeni məzmunda olacaq: "Bu il I sinfə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. O cümlədən, 5-ci sinif şagirdləri ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq".