Azərbaycan prezidenti Misir səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

17 Avqust 2012 16:10 (UTC+04:00)
Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Saber Mansuru diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı səfir Saber Mansurun Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkürünü bildirib. Prezident İlham Əliyev Saber Mansura gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Səfir Saber Mansur Azərbaycandakı diplomatik fəaliyyətindən məmnun qaldığını deyib. 

Diplomatik fəaliyyəti dövründə ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə böyük uğurların əldə olunduğunu vurğulayan səfir əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.