Bakıda yeniyetmələrin dünya çempionatı keçiriləcək
17 Avqust 2012 21:12 (UTC+04:00)
Avqustun 21-27-də Bakıda
yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi
üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə
görə, yarışda dünyanın 40-a yaxın ölkəsinin idmançılarının iştirakı
gözlənilir.
Yarış 12 illik fasilədən sonra FİLA tərəfindən ötən ildən etibarən
bərpa olunub və Macarıstanın ardınca, Azərbaycan da bu dünya
çempionatını keçirmək hüququna yiyələnib. Yeganə fərq ölkəmizin həm
də çimərlik güləşi üzrə yarışları da qəbul etməsi olacaq.
Dünya çempionatının proqramına əsasən, iyulun 21-22-də sərbəst
güləşçilər arasında qaliblər müəyyənləşəcək. İyulun 23-24-də
yeniyetmə qızlar arasında çempionlar məlum olacaq. Yunan-Roma
güləşçiləri döşək üzərinə iyulun 25-26-da çıxacaqlar. Heydər Əliyev
adına İdman-Konsert Kompleksində təşkil olunacaq dünya çempionatı
10 çəki dərəcəsində keçiriləcək.
Və nəhayət, iyulun 27-də "Crescent Beach"-də çimərlik güləşi
yarışları keçiriləcək. Çimərlik güləşi yarışlarında sərbəst güləş
üzrə oğlanların mübarizəsində 3, yeniyetmə qızların mübarizəsində
isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Proqrama əsasən, yarışlar həftə içi hər gün saat 14.00-da, şənbə və
bazar günü isə saat 10.00-da başlayacaq.