Azərbaycan Ramazan bayramını qeyd edir
19 Avqust 2012 11:28 (UTC+04:00)
Bu gün Azərbaycanda Ramazan
bayramıdır. APA-nın
məlumatına görə, bu münasibətlə məscidlərdə, o cümlədən "Təzəpir"
məscidində bayram namazı qılınacaq.
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara
öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları
gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə
olunur. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən
müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı"
da adlandırırlar. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək,
siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr,
hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad
olunurlar. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların
toplanması və görüşməsidir.
Bayram günü oruc tutmaq haramdır.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı ilə əlaqədar üç gün
qeyri-iş günü olacaq. Ramazan bayramı ilə əlaqədar bu il 19-20
avqust tarixləri qeyri-iş günü elan edilib. 19 avqust bazar gününə
təsadüf etdiyindən, bayramdan sonrakı növbəti iş günü - 21 avqust
tarixi də qeyri-iş günü elan olunub.