Nazirlikdən 84 min manatlıq cərimə
22 Avqust 2012 12:53 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən
1-15 avqust tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin
tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma
aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata
görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və
torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və
floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və
istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş
qanun pozuntularına görə 158 akt və protokol tərtib olunmuş,
nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38
müddətli məcburi göstəriş verilib.
Ümumilikdə, 39 iş üzrə 84150 manat
məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə
13 iş üzrə 1413.67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə
tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki
şəxslərə 142 iş üzrə 28487.4 manat məbləğində ödəmə tətbiq
edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8,
məhkəməyə 7, icra qurumlarına isə 44 iş göndərilib.