Xasavyurtda azərbaycanlıların ibadət etdiyi məscidin imam camaatı: “Hadisəni vəhhabilər törədib”
22 Avqust 2012 17:04 (UTC+04:00)
"Dağıstan Respublikasının Xasavyurt şəhərindəki İmam Əli məscidində
baş verən hadisə vəhhabilər tərəfindən törədilib".
Bunu APA-ya eksklüziv
açıqlamasında həmin məscidinin imam camaatı Adil Rəhimov deyib.
A. Rəhimov hadisənin iftar zamanı baş verdiyini bildirib: "Saat
20.00-da azan oxunub. Azandan sonra namaza başlamışıq. Saat 20.20
radələrində namaz duasını qurtarıb iftar süfrəsinə əyləşmişik.
Həmin vaxt məsciddə 70 nəfərə yaxın adam var idi. Birdən məscidin
qapısı sürətlə açıldı, içəriyə iki maskalı şəxs daxil oldu. "Allahu
Əkbər" qışqıra-qışqıra avtomatdan atəş açmağa başladılar. Lakin
qapı qəfildən bağlandığı üçün onlar təlaşa düşdülər. Birtəhər
qapını açıb qaçdılar. Biz hesab edirik ki, hadisə vəhhabilər
tərəfindən törədilib. Mahaçqalada 60 min tirajla çıxan, Dağıstanın
dini işlər üzrə qurumuna məxsus rəsmi "Əs-salam" qəzetinin iyun,
iyul və avqust nömrələrində belə bir fikri gedib ki, şiələr
kafirdir, onları öldürmək savabdır. Hadisəni törədən şəxslər elə
bir vaxt seçiblər ki, həmin vaxt küçədə post patrul xidmətinin
əməkdaşları olmayıb. İftar zamanı olduğundan küçələr boş idi, onlar
da rahat qaçıblar".
Adil Rəhimov məscidə gələnlərin çoxunun azərbaycanlılar olduğunu
bildirib: "İmam Əli məscidinə gələnlər əsasən azərbaycanlı
şiələrdir. Lakin az sayda yerli adamlardan, avarlardan da gələnlər
olur. Hadisə baş verən vaxt da bir-iki qeyri-azərbaycanlı var idi.
Onlardan zərər çəkən olmayıb".
A. Rəhimov Azərbaycandakı vəzifəli şəxslərdən məsələni diqqətə
saxlamağı xahiş edib: "Çox xahiş edirik ki, dövlət rəsmiləri bu
məsələ ilə yaxından maraqlansınlar. Hacı Allahşükür Paşazadə
Dağıstanın dini işlər üzrə nazirinə zəng edib, məsələ ilə
maraqlanıb. Ondan sonra nazirlikdən də gəlib maraqlanıblar. Digər
vəzifəli şəxslər də məsələyə biganə yanaşmasalar, yaxşı olar.
Hazırda istintaq gedir, ifadələrimiz alınır. Hadisənin konkret
kimin tərəfindən törədildiyi hələlik məlum deyil".
Qeyd edək ki, avqustun 18-i saat 20.50 radələrində Dağıstan
Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı
ünvanında yerləşən İmam Əli məscidində terror aktı törədilib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Ölən və
yaralıların hamısı Azərbaycan vətəndaşıdır. Terror aktı nəticəsində
həlak olan 17 yaşlı Elmin Elxan oğlu Cəfərov doğulduğu Astara
rayonunun Pensər kəndinə gətirilərək torpağa tapşırılıb.
Yaralıların müalicəsi Xasavyurtda davam etdirilir.