Azərbaycanda dəniz nəqliyyatında yükdaşıma 5% artıb

22 Avqust 2012 20:54 (UTC+04:00)
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,2% artaraq 7,6 mln. ton təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, yüklərin 61,4%-ni neft yükləri, 38,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: "Hesabat dövründə dəniz limanlarında 7,3 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 1,8% artım olub. İşlənmiş yüklərin 86,5%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3,8% artıb".
Cari ilin avqustun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 55,2 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,9% çox idxal yüklərin qalığı olub.
Sözügedən nəqliyyat vasitəsilə sərnişin daşınmasına gəldikdə, hesabat dövründə 9,3 min sərnişin daşınıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 17,7% azdır.