Füzuli rayonunun işğalından 19 il keçir
23 Avqust 2012 12:47 (UTC+04:00)
Movqe.Az xəbər veriri
ki, 23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan
Füzuli rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi
ermənilər tərəfindən işğal olunub.
Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı
istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar)
əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3
ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min m3 olan
Quruçay qum-çınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən
1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi
pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində
hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və
yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların
məcraaltı sularının ehtiyatı 193 min m 3/gün həcmində
hesablanıb.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii
sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ
mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii
sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı
faktları aşkarlayıb:
1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində
ağaclar bütünlüklə qırılıb.
2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv
edilib.
3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük
yaşıllıqlar tamamilə qırılıb.
4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq
ərazisi ermənilər tərəfindən yandırılıb.