"Xamneyi “Eurovision-2012” günlərində Azərbaycanda terror aktları törədilməsi barədə şəxsən göstəriş verib"
23 Avqust 2012 13:16 (UTC+04:00)
Britaniyanın tanınmış "The Telegraph" qəzeti
Britaniya kəşfiyyatına istinadən sensasiyalı məqalə dərc edib.
APA-nın "Vesti.az"a istinadən
verdiyi məlumata görə, İranın ali dini lideri Ayətullah Xamneyi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Quds Force) xüsusi
bölmələrinə "Eurovision" mahnı müsabiqəsi günlərində Azərbaycanda
terror aktları törətmək barədə şəxsən göstəriş verib.
"Terror aktlarının məqsədi Qərbi və onun tərəfdarlarını vahiməyə
salmaq olub. Kəşfiyyat həmçinin müəyyənləşdirib ki, xüsusi bölmə
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı da terror
hazırlayıb. Artıq ötən il onu öldürməyə cəhd edilib. O da xəbər
verilir ki, terrorçular Bakıdakı İsrail diplomatlarını partlatmağı
planlaşdırıblar və bu məqsədlə üç partlayış hazırlayıblar. O da
məlumdur ki, ötən il Keniyada partlayıcı maddə əldə etmək istəyən
iki İran vətəndaşı tutulub", - deyə məqalədə bildirilir
(http://www.telegraph.co.uk/news/worldnews/middleeast/iran/9490878/Irans-supreme-leader-orders-fresh-terror-attacks-on-West.html).
Qeyd edək ki, yerli mətbuat da İran kəşfiyyatının "Eurovision"
günlərində Bakıda terror aktları planlaşdırdığı barədə dəfələrlə
yazıb.
Bundan başqa, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi
xidmət orqanları ilə əlaqədə olan bir neçə nəfərin
zərərsizləşdirilməsi barədə açıqlama yayıb. Bütün bunlar Britaniya
kəşfiyyatının versiyalarının əsassız olmadığını göstərir.
Xatırladaq ki, İran hakerləri bu ilin yanvarında Azərbaycanın bir
neçə dövlət orqanının saytını dağıdıblar.
Onu da əlavə edək ki, İranın ali dini lideri Ayətullah Seyid Əli
Xamneyi azərbaycanlıdır.