Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya sənəd qəbulu başa çatıb
24 Avqust 2012 18:03 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının (TQDK) mətbuat
xidmətindən APA-ya
verilən xəbərə görə, rezidenturaya sənəd qəbulu avqustun 15-dən
24-ü saat 17.00-dək aparılıb.
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan
şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanı test üsulu ilə iki
mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də,
ikinci mərhələsi sentyabrın 9-da keçiriləcək. İmtahanda iştirak
etmək üçün namizəd sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron
ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda
"Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib
götürülməlidir.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə
müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri,
ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100
test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir
test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir. Səhv
cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir
göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat
30 dəqiqə vaxt ayrılır.
İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan,
ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılırlar.
Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb
təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçir və
onların kodlarını öz elektron ərizəsinə istədiyi ardıcıllıqla daxil
edib təsdiq edir.