"Azərbaycanda ali məktəb və orta ixtisas müəssisələrində boş qalan yerlərə əlavə yerləşdirmə aparılmayacaq"

24 Avqust 2012 20:15 (UTC+04:00)
Azərbaycanda ali məktəblərin və tam orta təhsil bazasında orta ixtisas müəssisələrinin boş qalan yerlərə əlavə yerləşdirmə aparılmayacaq.
Bu barədə APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, boş qalan yerlər daha çox xüsusi qabiliyyət tələb edən ixtisaslar, kənd təsərrüfatı və idman üzrədir. 
Qeyd edək ki, TQDK bu gün ali məktəblərin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb. 
Müsabiqədə iştirak etmək üçün 12522 abituriyent sənəd verib. Onlardan 11413 nəfəri Azərbaycan, 1109 nəfəri isə rus bölməsinin abituriyentləridir. Ali təhsil müəssisələrinin boş qalan 1924 plan yerinə 451, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin 8727 plan yerinə isə 8527 nəfər qəbul olunub. 
Beləliklə, ali təhsil müəssisələrinin 1473 plan yeri, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin isə 200 plan yeri boş qalıb.