Bakı Tikiş Evi valideynlərə müraciət edib

25 Avqust 2012 13:15 (UTC+04:00)
Bakı Tikiş Evi (BTE) orta məktəb şagirdlərinin valideynlərinə müraciət edərək onları saxta məktəbli formaları almamağa çağırıb. Tikiş Evinin direktoru Fədail Rəhimov APA-ya açıqlamasında bildirib ki, hazırda bazarlarda BTE-nin istehsalı adı altında çoxlu saxta mal satılır: "Lakin bunların heç biri Bakı Tikiş Evinin məhsulu deyil. Saxta malların rəngi 15-20 gündən sonra qızarır, sonradan tamam bomboz olur. Valideynlər bizə müraciət edərək bu məhsulların bizim olduğunu bildirirlər. Rəsmi olaraq bəyan edirəm ki, yalnız Bakı Tikiş Evinin dükanlarında satılan mallar BTE-nin mallarıdır. Bazarlarda satılan mallara biz cavabdeh deyilik".
F. Rəhimov qeyd edib ki, hazırda BTE-nin paytaxtda 20-dək dükanı fəaliyyət göstərir: "Şəhərin bütün mühüm nöqtələrində dükanlarımız fəaliyyət göstərir. Hazırda BTE-nin anbarlarında bütün ölçülərdə məktəbli geyimləri var. Lakin bu il satış ötən ilkinə nisbətən bir qədər zəifdir. Buna səbəb bazarın saxta mallarla dolmasıdır. Valideynləri saxta mallardan uzaq durmağa, məktəbli geyimlərini indidən almağa, dərs ilinin başlamasını gözləməməyə çağırıram".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə APA-ya bildirib ki, sentyabrın əvvəlində BŞTİ məktəbli geyimləri ilə bağlı böyük toplantı keçirməyi planlaşdırır. Səbəb dərs ili öncəsi məktəbli geyimlərini bir daha gündəmə gətirməkdir: "Bu il Bakı məktəblərinə təkcə 30 minə yaxın I sinif şagirdinin gedəcəyi gözlənilir. Ona görə də valideynlər məktəbli geyimlərini indidən almalıdırlar".