Mexikonun ən qədim kilsələrindən birində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini ayin həsr edilib
27 Avqust 2012 14:32 (UTC+04:00)
Meksikanın paytaxtı mexikonun
Tlakskoake-Xocalı meydanının ərazisində fəaliyyət göstərən XVI əsrə
aid tarixi Tlakskoake katolik kilsəsində avqustun 26-da Xocalı
soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, meydanın bir ilə yaxın müddətdə davam edən
təmir-bərpa işləri və Xocalı soyqırımına həsr edilmiş abidənin
açılışından sonra kilsədə avqustun 26-da ilk dəfə bazar günü
ibadəti keçirilib. Katolik kilsəsinin təşəbbüsü ilə, ilk dini ayin
rəsmi olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr
edilib.
Dini ayin zamanı kilsə rəhbəri Eduardo Lozano öncə Xocalı soyqırımı
barədə məlumat verib. O, Azərbaycan xalqının əsasən müsəlman
olduğunu, lakin eyni zamanda bütün dinlərin nümayəndələrinə
hörmətlə yanaşdığını qeyd edərək, 20 il öncə Azərbaycana qarşı
hərbi təcavüzün baş verdiyini, bunun nəticəsi olaraq, günahsız
mülki insanların kütləvi şəkildə qırılması ilə bir soyqırımın
törədildiyini söyləyib. Dini və etiqadından asılı olmayaraq, bütün
dünyada yaşayan insanların qardaş olduğunu qeyd edən kilsə rəhbəri,
Xocalıda baş verən soyqırımın və bu kimi bütün cinayətlərin
yolverilməz olduğunu, nəticədə tanrının sülh və ədalət ideyalarının
qalib gələcəyinin qaçılmazlığını söyləyib. E. Lazano Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin, əslində
ədalət və sülhün simvolu olduğunu və hər zaman bu faciə
qurbanlarının Mexiko şəhərinin sakinləri tərəfindən məhəbbətlə
anılacağını söyləyib.
Dini ayinin davamı olaraq, Xocalı soyqırımı qurbanlarının
xatirəsinə və dünyada sülh naminə dualar oxunub.
Qeyd edək ki, 2012-ci il 22 avqust tarixində Mexiko şəhərinin
nüfuzlu Tarixi Mərkəz rayonunda Xocalı soyqırımına həsr edilmiş
abidə və Tlakskoake-Xocalı Meydanının rəsmi açılış mərasimi
keçirilib.