E.Muradov onu da əlavə edib ki, "20
Yanvar"-"Dərnəgül" sahəsinin bağlanması yeni stansiyaların
tikintisi ilə əlaqədardır: "Sözügedən sahə bu dəfə də təxminən 3
gün müddətinə bağlanacaq. Nəticədə, "20 Yanvar", "Memar Əcəmi",
"Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları
sərnişinlərə xidmət göstərməyəcək".
Sərnişinlər metronun "Həzi Aslanov"-"İçərişəhər" və "Həzi
Aslanov"-"İnşaatçılar" istiqamətində və geriyə olmaqla,
metropolitenin xidmətindən istifadə edə biləcəklər.
Qeyd edək ki, avqustun 9-da saat 22:00-dan etibarən Bakı
Metropoliteninin müvəqqəti bağlanmış "20 Yanvar"-"Dərnəgül"
sahəsinin fəaliyyəti avqustun 13-ü saat 06:00-da bərpa olunub.
Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin 18 mart
2011-ci ildə imzaladığı "Bakı Metropoliteni Xətlərinin Konseptual
İnkişaf Sxemi" və "Bakı Metropoliteninin 2011-2015-ci illərdə
inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bənövşəyi xəttin
"Memar Əcəmi-2" stansiyası 2013-cü ildə istismara verilməlidir.
Hazırda həmin xəttin "Memar Əcəmi-2" və Ceyhun Səlimov küçəsində
yerləşən "B-3" stansiyaları arasındakı tunellər inşa olunur. Bu
tunel istismarda olan Yaşıl xəttin "Memar Əcəmi" stansiyasının
altından keçəcək. Layihəçi və tikintini aparan təşkilatlar inşaat
işlərinin risksiz yerinə yetirilməsi və sərnişinlərin
təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətdə qatarların
hərəkətinin dayandırılmasını təklif ediblər. Bu cür üsullar tunel
tikintisində geniş tətbiq olunur və bu zaman əsas vəzifə məhz
sərnişinlərin təhlükəsizliyidir.
Onu da əlavə edək ki, hazırda Bənövşəyi xəttinin "Avtovağzal" və
"Memar Əcəmi-2" stansiyalarının inşası davam etdirilir. Bu iki
stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin
tikintisi müasir tunelqazma qurğuları vasitəsilə tamamlanıb.
Hazırda tunelqazma qurğularının "B-3" stansiyası (Ceyhun Səlimov
küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı
qeyd olunan hissə qazılaraq keçilməlidir.
İnşa olunan "Memar Əcəmi-2" stansiyası Bənövşəyi xətdən Yaşıl
xəttin "Memar Əcəmi" stansiyasına keçid funksiyasını yerinə
yetirəcək.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı
Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.