Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ququşa etiraz bildirəcək
27 Avqust 2012 20:44 (UTC+04:00)
Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA)
İran müğənnisi Ququşun "Gedək üzü küləyə" adlı Azərbaycan
mahnısının erməni mahnısı kimi təqdim etməsinə münasibət bildirib.
Agentliyin hüquq şöbəsinin müdiri Xudayat HəsənliAPA-ya açıqlamasında bildirib ki, əslən
azərbaycanlı olan İran müğənnisi Ququş "Gedək üzü küləyə" adlı
Azərbaycan mahnısını erməni dilində oxuyub.
Mahnı "Youtube"da yayımlanıb: "Bu mahnının musiqi müəllifi Elza
İbrahimova, sözlərinin müəllifi Əlağa Kürçaylıdır. Azərbaycanın
xalq artisti Şövkət Ələkbərovanın repertuarında ən məşhur
mahnılardan biri olub. Bu mahnını Azərbaycanın tanınmış müğənnisi
Gülağa Məmmədov da oxuyub. Amma məsələ bundadır ki, bir mahnını
başqa dildə oxuyursansa, mütləq mahnının hansı xalqa məxsus olduğu,
müəllifləri göstərilməlidir. Təəssüflər olsun ki, Ququş bu mahnını
oxuyarkən onun Azərbaycan mahnısı, müəlliflərinin azərbaycanlı
olduğunu bildirməyib. Mahnı anonim erməni mahnısı kimi təqdim
edilib. Bu da müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır".
X. Həsənli deyib ki, müəllif əsəri tərcümə edilirsə, mütləq bu
əsərin müəlliflərindən icazə alınmalıdır: "Sozügedən halda bu
prinsip də pozulub. Ququş hazırda İranda yaşamır. İrandan başqa
bütün ölkələr ədəbi və bədii əsərlərin qorunması haqqında Bern
konvensiyasının üzvüdürlər. Bu ölkələrin ərazisində konvensiyanın
müddəalarına ciddi riayət olunmalıdır. Hazırda müğənninin
kontaktları dəqiqləşdirilir. Ququş bu mahnını oxuyarkən beynəlxalq
konvensiyanın bu tələbini də pozub. Dövlət orqanı olaraq bu hala
kəskin etirazımızı bildiririk. İki azərbaycanlı müəllifin hüquqları
pozulub. Bununla bağlı həm "Youtube"nin rəhbərliyinə və bu mahnının
yerləşdirildiyi saytlara etiraz məktubları göndəriləcək. Mahnı
2010-cu ildə ifa edilsə də, yeni yayımlanıb. Bunun kökü də
araşdırılır ki, ilk dəfə olaraq bu mahnı harada ifa edilib. Ququşun
kontaktları müəyyən ediləndən sonra MHA-nın etirazı müğənninin
özünə də çatdırılacaq".